Çərşənbə günü 18 Sentyabr 2019

Cəmiyyət

İrəvan xanının nəticəsi Gəncədə

Gülnar Fazilqızı - 23/08/2019

Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncəyə səfər edib. Hazırda Almaniyada yaşayan, ixtisasca isə mühəndis olan Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. İrəvanın bir şəhər kimi çiçəklənməsi məhz Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edib.

Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilib. Xan sarayının Güzgülü salonu və Xan bağındakı Yay köşkünü 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan inşa etdirib.

Əmir Əli Sərdari İrəvani bildirib ki, Azərbaycana gəlməyi çox istəyirdim. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə Bakıya gəlmək qismət oldu. Birinci vitse-prezident Mehriban Əliyevayanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgidə oldum. Sərgidə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyalarından, rəsm əsərlərindən ibarət kolleksiya da nümayiş olunur. Bakıdan əlavə Şəkini və Gəncəni də görməyi çox istəyirdim. Gəncə xanı Cavad xanla İrəvan xanının çox yaxın münasibətləri olub. Şəki xan sarayı ilə Sərdar xan sarayının oxşarlığını gördüm və çox məmnun oldum.

Gəncə şəhərinin tarixi abidələri, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi. ilə tanış olan qonaq dahi Nizami Gəncəvinin və qəhrəmanlıq tariximizin ən parlaq nümunəsi olan Cavad xanın məqbərələrini ziyarət edib.

Qonağı müşayət edən YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncənin tarixi, mədəniyyəti ilə bağlı ətraflı məlumat verib.

Səmimi söhbət zamanı İrəvan şəhərini qurub yaradanların Azərbaycan türkləri olduqlarını qeyd edən Əmir Əli Sərdari İrəvani Hüseynəli xan nəslinin şəcərəsi, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat verib, nəsillər arasında əlaqələrin vacibliyini vurğulayıb.

Qeyd edək ki, XVIII əsrin ortalarında meydana gəlmiş İrəvan yarandığı ərazi qədim türk-oğuz yurdudur. İrəvan şəhəri Azərbaycanın qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olub.

yenigence.com

Photogallery

68626101 2480861395290036 533523865461063680 N 68824808 2480861478623361 2753977805229260800 N 68621484 2480861411956701 4455879834882539520 N 68549259 488165855082682 5465048685308018688 N

Hadisə

Cəmiyyət