Cümə axşamı 14 Noyabr 2019

İdman

Gültəkin Şirinova Avropa Gənclər Yay Olimpiya Festivalından gümüş medalla qayıdıb

Sənubər Qocayeva - 08/08/2019

Gəncə idman məktəbinin yetirməsi Gültəkin Şirinova Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalından gümüş medalla dönüb. Şəhərə nüfuzlu yarışlardan medalla dönən bütün idmançılar kimi, qaydaya uyğun olaraq Gültəkin Şirinova da ulu şeyx Nizami Gəncəvinin məqbərəsi önündə qarşılanıb.

Avropa Gənclər Yay Olimpiya Festivalında 46 kq çəkidə gümüş medal qazanmaqla ölkəmizi və Gəncəni layiqincə təmsil edən  idmançını təbrik etmək, onunla sevincini bölüşmək üçün şəhərin idman ictimaiyyətinin nümayəndələri məqbərə önünə toplaşıb. Qeyd edək ki, Gəncə İdman Liseyinin şagirdi olan Şirinova əməkdar məşqçi Mehman Allahverdiyevin yetirməsidir.

Avropa Gənclər Yay Olimpiya Festivalında əldə olunan medal bir neçə ildir ki, güləşlə məşğul olan Gültəkin Şirinovanın karyerasında ilk böyük mükafatıdır. Dünya və Avropa birinciliklərinin iştirakçısı olan idmançının potensialı onun gələcəkdə daha böyük uğurlara imza atacağına ümid verir.

Yeri gəlmişkən, Gültəkin Şirinovanın Avropa Gənclər Yay Olimpiya Festivalında iştirakı və nailiyyəti Gəncənin idman tarixinə bir ilk kimi düşüb. Çünki şəhərin bu vaxta qədər zəriflər arasında belə nüfuzlu yarışda medal qazanan təmsilçisi olmayıb.

kepeztv.az

Hadisə