Çərşənbə günü 18 Sentyabr 2019

Mədəniyyət

Gəncəni təmsil edən “Çinar” komandası üçüncü olub

Sənubər Göyüşqızı - 05/08/2019

Gənclər üçün Təhsil Mərkəzi UNEC Tədqiqat Fondunun dəstəyi ilə 5 gün davam edən “Maarifçilik” Könüllülük Akademiyasını başa vurub. Layihə çərçivəsində keçirilən intellektual yarışmalarda Gəncə şəhərini təmsil edən “Çinar” komandası qalib komandalardan biri olub, medal və digər qiymətli hədiyyələrlə təltif olunub.

2019-cu il Azərbaycanın “Gənclər paytaxtı” seçilən Şamaxı rayonunda keçirilmiş Akademiyanın əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı qeyd etdiyi prioritetlərə uyğun olaraq, ölkəmizdə könüllü ordusunun daha da genişləndirilməsi, gənclərin vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması və onların şəxsi inkişafına hesablanan dövlət siyasətinə ictimai dəstək verilməsi olub.

Vergilər Nazirliyinin Pirquluda yerləşən Tədris Mərkəzində təşkil olunan Akademiyada təşkilat komitəsi tərəfindən seçilmiş 70 gənc iştirak etmək hüququ qazanıb.

Akademiya çərçivəsində gənclər Milli Məclisin deputatları Pərvin Kərimzadə, Sona Əliyeva, Dilarə Cəbrayılova, habelə UNEC Tədqiqat Fondunun layihə departamentinin rəhbəri Ayşə Məhərrəmova, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Ramin Məmmədovla görüşüblər.

Gənclərə 5 gün müddətində, hər gün 8 saat olmaqla peşəkar idarəçi Fəxri Ağayev, NLP ustası Sənan Nəcəfov və İnsan Mühəndisliyi Proqramının rəhbəri Rövşən Nəcəfovun təlimləri keçirilib. “Maarifçilik” Könüllülük Akademiyası çərçivəsində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış da təşkil olunub. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş turnirdə 8 komanda mübarizə aparıb, sonda “Stimul” komandası yarışın qalibi adını qazanıb. “Wonderkids” biliciləri ikinci, “Çinar” intellektualları isə üçüncü yerə çıxıblar.

Photogallery

67907407 427687811291357 7227837511379189760 N

Hadisə

Cəmiyyət