Çərşənbə günü 18 Sentyabr 2019

İqtisadiyyat

Azərbaycan və Rusiya yeni birgə müəssisələr yarada bilər

Gülnar Fazilqızı - 09/07/2019

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, görüşdə Sverdlovsk vilayətinin qubernatoru Yevqeni Kuyvaşev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu İlqar İsgəndərov və digər şəxslər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini salamlayan D.Manturov Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. D.Manturov bir sıra sahələrdə, o cümlədən sənaye, ticarət və investisiya sahələrində əməkdaşlıqda müsbət dinamikanı qeyd edərək bu istiqamətdə işlərin davam etdirilməsinin, müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. D.Manturov X İnnoprom sərgisi barədə ətraflı məlumat verib, tərəfdaş ölkə kimi Türkiyənin iştirakını, gələn il isə tərəfdaş ölkənin İtaliya olacağını bildirib. Rusiyalı nazir Azərbaycan tərəfini bu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək “Neva” gəmiçilik sərgisinə dəvət edib.

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsdəri, İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən Ş.Mustafayev Rusiya ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələri ilə yanaşı, investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Belə layihələrdən olan Pirallahı Sənaye Parkında “R-Farm” əczaçılıq müəssisənin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. X İnnoprom sərgisinə dəvətə görə minnətdarlıq edən İqtisadiyyat naziri Şahin Mustafayev sərginin əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi üçün əlverişli platforma olduğunu bildirib.

Görüşdə sənaye, o cümlədən neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu və “Kamaz” ASC arasında ehtiyat hissələrinin tədarükünə dair müqavilə, “ATEF” şirkətlər qrupu və “Sinara Qrup” SC arasında Anlaşma Memorandumu, AZPROMO və “Qazprombank” SC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Yekaterinburqa səfəri zamanı Azərbaycan nümayəndə heyəti X İnnoprom beynəlxalq sənaye sərgisində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

Qeyd edək ki, 2010-cu ildən etibarən hər il keçirilən İnnoprom sərgisi Rusiyanın əsas sənaye, ticarət və ixrac platformalarındandır. Sərginin ziyarətçilərinin böyük əksəriyyətini istehsalda yeni texnologiyaların tətbiqində maraqlı olan alıcılar və mütəxəssislər təşkil edir. Hər il sərgiyə dünyanın müxtəlif ölkələrindən 45 mindən çox ziyarətçi gəlir.

Hadisə

Cəmiyyət