Bazar günü 13 Oktyabr 2019

İdman

“Gəncə Şərab – 2” komandası mini futbol üzrə regional turnirin qalibi olub

Gülnar Fazilqızı - 24/06/2019

Göygöl Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı-2019” çərçivəsində mini futbol üzrə bölgələrarası Gəncə turniri keçirilib.

Regional turnirdə Gəncə şəhərini, Ağstafa, Tovuz, Samux və Kəlbəcər rayonlarını təmsil edən 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış edən Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov yarış iştirakçılarına qələbə sevinci arzulayaraq, ölkəmizdə idmanın inkişafı sahəsində görülmüş işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb.

Diqqətə çatdırılıb ki, “Topaz Futbol Festivalı”nın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini təmin etməkdir.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirin finalında “Gəncə Şərab – 2” və “Ağstafa” komandaları qarşılaşıblar.

Final görüşündə daha inamlı oyun nümayiş etdirən “Gəncə Şərab – 2” komandası rəqibinə qalib gələrək regional turnirin qalibi olub. “Ruslan-Gəncə” komandası isə turnirdə üçüncü yeri tutub.

Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin məktəblilərin ifasında konsert və nümunəvi çıxışlar təqdim olunub.

İdmanın futbol növünə aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə edilib.

Qeyd edək ki, “Topaz Futbol Festivalı-2019” çərçivəsində ölkəmizin 6 bölgəsini əhatə edən turnirin qalibləri iyulun 13-14-də Bakıda keçiriləcək final yarışlarında qarşılaşacaqlar.

Mini futbol üzrə növbəti regional yarışlar iyunun 29-30-da Qaxda və iyulun 6-7-də isə Sumqayıtda keçiriləcək.

Photogallery

15613042934715449664 1000x669

Hadisə