Çərşənbə axşamı 11 May 2021

Cəmiyyət

Gəncədə LOBBİ.az saytınının təqdimatı keçirilib

Sənubər Qocayeva - 24/06/2019

Gəncədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “www.LOBBI.az informasiya portalının hazırlanması” layihəsinin təqdimatı keçirilib.

YAP Gəncə şəhər təşkilatının Qərargahında baş tutan təqdimatı təşkilatın İdeoloji şöbəsinin baş məsləhətçisi, dosent Hüseyn Budaqov açaraq qonaqları salamlayıb, LOBBİ.az saytının ölkəmizdə aparılan uğurlu diaspor siyasətinə mühüm tövhə olacağını qeyd edib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək layihə haqqında geniş məlumat verib. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının gənclərin diasporda fəaliyyətindən, xaricdə olan informasiya savaşında, təbliğat-təşviqat proseslərində və kiber müharibədə vacib rolundan bəhs edən Səbuhi Abbasov hər bir ölkənin özünün daxili və xarici siyasəti, lobbisi olduğu kimi Azərbaycanı da dünya ölkələri arasında təmsil edən bir lobbisinin olduğunu qeyd edib. Səbuhi Abbasov LOBBİ.az saytının dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımıza lazımi informasiya dəstəyini göstərə biləcəyini vurğulayıb.

Yeni Çağ media qrupunun rəhbəri Aqil Ələsgər çıxış edərək, bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyasının ildən-ilə genişləndiyini bildirib. Qeyd edib ki, dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla soydaşımızın Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir.

Vətən.info saytının rəhbəri Nail Canbaxışlı erməni lobbisinə qarşı mübarizədə adekvat tədbirlərin görülməsinin və bu işin davamlı olmasını qeyd edib.

Azərbaycan Diasporası İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Azərbaycan həqiqətlərinin sosial şəbəkələr vasitəsilə bütün dünyada təbliğ olunması istiqamətində gəncləri fəal olmağa səsləyib.

Tədbirin sonunda LOBBİ.az saytı iştirakçılara təqdim edilib.