Bazar günü 13 Oktyabr 2019

Təhsil

Gəncədə 3226 şagird üçün “Son zəng” çalınıb

Gülnar Fazilqızı - 14/06/2019

İnsan həyatında elə anlar olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan günlərdən biri də “Son zəng”dir. Respublikanın hər yerində olduğu kimi, Gəncədə də orta məktəb məzunları bu günün həyəcanını yaşayıblar. Gəncənin 46 tam orta məktəbində ümumulikdə 3226 şagird üçün “Son zəng” çalınıb. Bu özəl gündə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri və ictimaiyyət nümayəndələri şagirdləri tək qoymayıblar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə olub. Məktəbin pedoqoji və şagird kollektivi qarşısında çıxış edən Elnur Rzayev, onları növbəti dərs ilinin yekunu münasibətilə təbrik edib, məzunlara xoş arzularını çatdırıb. Elnur Rzayev qeyd edib ki, inkişaf etmiş dövlətin qurulması üçün birinci amil - təhsil səviyyəsinin yüksək olmasıdır. Ulu öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanıb. Ölkə başçısı İlham Əliyev tərəfindən də bu sahədə sistemli islahatlar aparılır, Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Gəncədə də təhsil sahəsində mühüm işlər görülür. Bunlardan ən vacibi məktəb binalarının müasir standartlara cavab verəcək şəkildə təmiri, lazımi tədris vəsaitləri ilə təchizidir.

M.M.Mehtizadə adına 4 və C.Cabbarlı adına 6 nömrəli tam orta məktəblərin 11-ci sinif şagirdlərini təbrik edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova da məzunlara xoş diləklərini çatdırıb. Ulu öndər Heydər Əliyevin dediyi kimi, cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ulu öndər daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Bu gün isə cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində təhsil sahəsinin inkişafı üçün gələcəyə istiqamətlənən təməl qoyulub. Hazırda inkişaf təhsilimizin ayrı-ayrı sahələrində deyil, kompleks şəkildə gedir”, - deyə Vəfa Abbasova qeyd edib.

Daha sonra tədris ili ərzində idman və fənn olimpiadalarında qalib gələn, nümunəvi şagirdlərə, habelə fərqlənən müəllimlərə diplom və fəxri fərmanlar təqdim edilib.

Rəsmi çıxışlardan sonra söz 11-cilərə verilib. Məktəbdən, müəllimlərindən, ən əsası isə 11illik yoldaşlarından ayrılan şagirdlər “Son zəng”i  kədər qarışıq sevinc və həyəcanla qeyd ediblər. Onları ağuşuna alan bu hisslər ifa etdikləri mahnılarda, söylədikləri şeirlərdə, təqdim etdikləri rəqs nömrələrində əks olunub.

Tədbirin yekununda isə şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.

 

 

Hadisə