Çərşənbə axşamı 22 Oktyabr 2019

Siyasət

Xanlar Fətiyev: 'Həmin gün Azərbaycanın Böyük Qurtuluş Günü oldu'

Gülnar Fazilqızı - 12/06/2019

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya dönməsəydi, Gəncə hadisələri zamanı qardaş qırğının qarşısını almasaydı bu gün Azərbaycanın müstəqilliyi sual altında qalardı.

"O zaman dahi şəxsiyyət heç bir çətinlikdən qorxmayaraq, həyatını riskə ataraq Gəncəyə getdi. Hadisələrə düzgün və real qiymət verilməsi üçün o zaman şəxsən qiyamçılarla görüşdü. Daha sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Həmin çətin və ağır anlarda ümummilli liderin proseslərə müdaxiləsi dərhal öz təsirini göstərməyə başladı və xalqda ölkənin xilas olacağına böyük ümid və inam yaratdı”.

Bu fikirləri Millət Vəkili Xanlar Fətiyev söyləyib. Onun sözlərinə görə 26 il bundan qabaq, iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi isə Azərbaycanın siyasi və ictimai həyatında əsas dönüş nöqtəsi oldu.

“Həmin gündən Heydər Əliyev Azərbaycanın ikinci rəsmi şəxsi statusu ilə ölkədə baş verən prosesləri nəzarətə götürdü və vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı. Dahi şəxsiyyətin üzaqgörən siyasəti və böyük idarəçilik səriştəsi nəticəsində Azərbaycan xaosdan qurtuldu, inkişaf etməyə başladı.Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu” deyə X.Fətiyev əlavə edib.

Millət vəkilinin sözlərinə görə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini, xalqımızın tarixini, bu gününü, dünənini özünə qaytardı, inamını artırdı. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qısa bir zaman kəsiyində ölkədə sabitlik bərpa edildi, cəbhədə sakitlik yarandı, atəşkəsə əməl olundu. Bu mərhələdən sonra xalqımız firəvan həyat tərzi sürməyə başladı. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. “Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan dahi şəxsiyyətin layıqlı davamçısı prezident İlham Əliyev tərəfindən günü gündən inkişaf etdirilir, gözəlləşir, güclənir. Heydər Əliyevin möhtəşəm Azərbaycan arzuları bu gün reallaşır. Ölkəmiz artıq dünyanın inkişaf etmiş böyük dövlətləri tərəfindən tərəfdaş kimi qəbul olunur. Bu firəvan və xoşbəxt həyat üçün1993-cü ilin iyun ayının 15-də xaos və hərcimərcilikdən, vətəndaş müharibələrindən qurtulan ölkəmiz daima öz ümummilli liderinə minnətdar olacaq, onun əzizi xatirəsinin çox böyük hörmətlə anacaqlar” deyə millət vəkili Xanlar Fətiyev əlavə edib.

Hadisə