Bazar ertəsi 24 İyun 2019

Təhsil

GDU-da yaz semestrinin imtahan sessiyası başlanıb

Sənubər Göyüşqızı - 11/06/2019

Gəncə Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb.


Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bununla əlaqədar rektor, professor Yusif Yusibovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən hazırlıq işləri görülüb və müvafiq əmr imzalanıb.

Əmrə əsasən nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi şərait yaradılıb.

Həmçinin 2018-2019 tədris ilinin yaz semestri imtahanlarında tələbələr üçün bir neçə güzəş tətbiq edilib. Belə ki, bu semestrdən etibarən imtahanların sualları tələbələrə test formasında, cavabları ilə birgə verilib. Azkreditli fənlər üçün “bunker” sualları ləğv olunub. İmtahanların şifahi forması ləğv edilib. Alt qrup tələbələri üçün yaz semestri imtahanlarında biliyin qiymətləndirilməsində tətbiq edilməsi mümkün olan əsaslı güzəştlər tətbiq edilib.

İyun ayının 3-dən başlanan imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyət nümayəndələrinin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradılıb.

Qərargahın nəzdində fəaliyyət göstərən “Qaynar xətt”ə daxil olan müraciətlər dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. Valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək heç bir təlimat pozuntusu aşkar olunmayıb.

İmtahanların gedişinə nəzarət etmək üçün komissiya üzvləri mütəmadi olaraq imtahan auditoriyalarına gedir, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı problemin olub-olmaması ilə maraqlanır.

Yaz semestrində 5000-ə yaxın tələbə iştirak edir. Tələbələr təhsilin hər iki səviyyəsi üzrə 95 ixtisas üzrə imtahan verirlər. Semestr ərzində tələbələrin 5-6 imtahan verməsi nəzərdə tutulur. İmtahan başa çatan gün onun nəticələri açıqlanır. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin olunur.

Sessiya iyulun 5-dək davam edəcək.

Photogallery

DSC 3924 700x500 DSC 3921 1 700x500 DSC 3925 1 700x500 DSC 3928 700x500 DSC 3944 1 700x500 DSC 3939 1 700x500 DSC 3926 700x500

Hadisə