Çərşənbə axşamı 17 Sentyabr 2019

Cəmiyyət

DTX Gəncədə konfrans keçirib

Ganjanews - 22/05/2019

Mayın 21-də Gəncədə Dövlət Təhlükəsizlik Xidməti Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası və terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzusunda konfrans keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin təmsilçilərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib.

Əvvəlcə konfrans iştirakçıları Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

Dövlət Himninin səslənbdirilməsi ilə tədbir açıq elan olunub.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Tural Məmmədov bildirib ki, tədbirin keçirilməsində məqsəd terrorizm və radikallaşmaya qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, Azərbaycançılıq ideologiyası haqqında konfrans iştirakçılarına məlumat verməkdir.

Terrorizmlə mübarizədə dövlət orqanlarının aktiv fəaliyyət göstərdiyini deyən Tural Məmmədov həm rayonlarda, həm də iri şəhərlərdə radikallaşmaya meyilli insanların əvvəlcədən müəyyən olunması və onlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi üçün ictimaiyyətin dəstəyininin vacibliyini qeyd edib.O, bu cür dəstəyin  Azərbaycanda mövcud sabitliyin qorunub saxlanması üçün zəruri olduğunu deyib

Bildirilib ki, müasir dövürdə terrorçuluq problemi bütün dövlətlər üçün təhlükə mənbəyidir. Məhz Azərbaycan Respublikası terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Belə ki, yalnız Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib, 2000-dən artıq mülki şəxs həlak və əlil olub.

Terrorçuluqla mübarizə tədbirləri haqqında danışan Tural Məmmədov qeyd edib ki, bu sahədə hüquqi, rejim mühafizə, əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Terrorçuluqla mübarizə insan hüquq və azadlıqları, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkar edilməsi, qarşısının alınması, bu fəaliyyət nəticəsində mümkün zərərin minimuma endirilməsi, terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digər yardımların göstərilməsinin qarşısının alınması məqsədilə həyata keçirilir.

Terrorçu və ekstrimist təşkilatların əlaqəsindən və şəbəkələşməsindən danışan DTX əməkdaşı qeyd edib ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx qarşılıqlı əlaqə saxlayırlar. Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkət, sağ və sol radikalizm və sair eyni bir terror zəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayır.

Terrorçu təşkilatlar mütəşəkkil cinayətkarlığın başqa sahələrində fəaliyyət göstərən qruplaşmalarla qarşılıqlı əlaqə saxlayırlar. Separatçı rejimlər nəzarət altında saxladıqları ərazilərdən narkobiznes, qanunsuz silah və insan alveri, çirkli pulların yuyulması və digər cinayətkar məqsədlər üçün istifadə edir, əldə olunan gəliri isə terrorçuluğun maliyyələşdirilməsinə yönəldirlər.

Diqqətə çatdırılıb ki, əhalisi, nəqliyyat kommunikasiyaları, və həyat təminatı sistemi sıx olan tranzit regionlardakı sənaye infrastrukturları, obyektləri bu gün terror aktlarının başlıca hədəfləridir.

Genişmiqyaslı və çoxsahəli terror fəaliyyəti yalnız və yalnız hər hansı ölkənin dövlət orqanlarının məqsədyönlü dəstəyi ilə həyata keçirilə bilər. Müasir terrorçu təşkilatlar güclü, ciddi tabeçilik strukturlarına və təchizata malik cinayətkar qurumlardır.

Məruzədə terrora həssas məkanlar, terrorizmin beynəlxalq coğrafiyası, bu vaxta kimi DTX tərəfindən həyata keçirilmiş antiterror əməliyyatları, beynəlxalq terrorçuluqla və dini eksterimizmlə mübarizə tədbirləri nəticəsində həbs olunmuş və zərərsizləşdirilmiş şəxslər haqqında məlumat verilib.

Qeyd edilib ki, qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmək üçün 1400 nəfər Suriya və İraqa gedib. Onlardan təxminən 600 nəfəri orada öldürülüb. 536 nəfər Azərbaycan vətəndaşlığını itirib. Hazırda isə münaqişə bölgəsində 156 qadın, 250 nəfər azyaşlı uşaq birgə əsirdilər.

Bildirilib ki, DTX tərəfindən həyata keçirilmiş 17 xüsusi əməliyyat tədbiri nəticəsində 25 nəfər hüquq mühafizə orqanlarının qanuni tələblərinə məhəl qoymayaraq odlu silahlardan atəş açmaqla müqavimət göstərdiklərinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən terrorçuluqda mübarizədə aparıcı qurumun Dövlət Təhlükəsizliyi Xidməti olduğunu deyən Tural Məmmədov DTX-nın aparıcı mərkəzlərindən hesab olunan Beynəlxalq Antiterror Təlim Mərkəzi haqqında konfrans iştirakçılarına məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra bir çox ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri qurmağa başlayıb. Bu konteksdə NATO ilə əməkdaşlıqda mühüm mərhələ 1994-cü ilin may ayına istinad edib. Bu tarixdə NATO-nun Mənzil Qərargahında ümummilli lider Heydər Əliyev “Sülh naminə Tərəfdaşlıq” (SNT) adlı Çərçivə Sənədinə imza atıb.

Hazırda Azərbaycan Respublikası NATO-ilə əməkdaşlıqda Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) Proqramının inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq ekspertlər səviyyəsində görüşlər təşkil edir.

Ölkəmizin digər qurumları ilə yanaşı Dövlət Təhlükəsizliyi Xidməti də FTƏP planının yerinə yetirilməsində fəal iştirak edir. FTƏP üzrə DTX-ya aid olan əsas məqsədlər kimi Beynəlxalq Antiterror Təlim Mərkəzinin (BATM) (International Counter Terrosizm Training Center – ICTTC) yaradılması, Alyansın Kəşfiyyat Bölməsi ilə əməkdaşlığın inkişaf etdirilməsi, təşkilatla meydana gələn təhlükəsizlik çağırışları ilə bağlı məlumat mübadiləsinin inkişaf etdirilməsi, əməkdaşlıq çərçivəsində mübadilə edilən sənədlərin təhlükəsizliyinin təmin edilməsi, enerji təhlükəsizliyi ilə bağlı NATO-da yaradılmış işçi Qrupun fəaliyyətinə dəstək verilməsi və digər tədbirlər göstrəilə bilər.

Tural Məmmədob qeyd edib ki, BATM-ın əsas məqsədi Beynəlxalq terrorçuluq və onun müxtəlif təzahür formalarına qarşı mübarizə, eləcə də təhlükəsizliyin digər aspektlərinə dair kurslar, seminarlar, konfranslar və təlimlər təşkil etməklə bu sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsini artırmaqdır. Mərkəzdə həmçinin, terrorizmlə bağlı tendensiyaların izlənilməsi ilə bülletenlərin hazırlanması, bu sahədə qabaqcıl elm ocaqları ilə məlumat mübadiləsinin aparılması kimi fəaliyyətlər nəzərdə tutulub.

Konfrans iştirakçılarına BATM-ın əsas vəzifələri haqqında da geniş məlumat verilib.

Konfransda Qafqz Siyasi Analiz Mərkəzinin rəhbəri Əhməd Əlili Radikallaşma səbəbləri və radikallaşmaya aparan yollar haqqında təqdimatla çıxış edib, radikallaşmanın insan psixikasında yaranmasının səbəblərini, inkişafını və islah olunmaz bir həddə - terrorçuya çevrilməsini mərhələlər əsasında iştirakçılara izah edib.

Konfransda həmçinin DTX əməkdaşı Arif Cəfərov “Vətəndaşların terror fəaliyyətinə cəlb olunmasına qarşı mübarizənin xüsusiyyətləri”, Hüquq elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Əliyev “Terrorçuluq cinayətinin anlayışı, təsnifatı və cinayət məsuliyyətinin yaranması xüsusiyytələri”, Elsevər Məmmədov “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Photogallery

G Nc  DTX Konfrans  (5) G Nc  DTX Konfrans  (11) G Nc  DTX Konfrans  (12) G Nc  DTX Konfrans  (10) G Nc  DTX Konfrans  (8)

Hadisə