Bazar ertəsi 27 May 2019

Siyasət

Pərvin Kərimzadə: 'Anti-Azərbaycan dairələr istəklərinə nail ola bilməyəcəklər'

Sənubər Göyüşqızı - 14/05/2019

“Bu günlər dünyanın nəzəri yenidən Azərbaycana yönəlib. Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun gerçəkləşməsinə saylı günlər qalıb. Azərbaycanın bu mötəbər idman yarışa ev sahibliyi etməsi, ümumiyyətlə, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsi bəzi məkrli qüvvələri ciddi şəkildə narahat edir”.

Bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat deyib ki, Azərbaycan son illər dünyada sülhə verdiyi töhfələri ilə daim diqqət mərkəzində olub.

“Buna ölkəmizin demokartik ənənələrə sadiqliyini, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsini, sivilizasiyalar və mədəniyyətlərarası dialoqların keçirilməsini, “Eurovision” mahnı müsabiqəsini, birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 Qran-Prisini də əlavə etsək, respublikamızın dünya birliyində sayılıb-seçilən ölkələrdən olduğu özünü açıq şəkildə büruzə verir. Hər dəfə ölkəmizdə reallaşan belə mötəbər tədbirlərdə iştirak edən xarici nümayəndələr, qonaqlar Azərbaycanda hökm sürən davamlı ictimai-siyasi sabitliyin, inkişafın, əmin-amanlığın, xalqımızın qonaqpərvərliyinin şahidi olurlar”.

P.Kərimzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət kursu, Azərbaycanın uğurları, beynəlxalq imicinin möhkəmlənməsi anti-Azərbaycan dairələr tərəfindən daim böyük narahatçılıqla qarşılanıb.

“Azərbaycanın dünyada güclü, nüfuzlu dövlət kimi tanınması bu dairələri həmişə təşfişə salıb. Fürsət düşən kimi onlar məkirli, xain planlarını həyata keçirməyə başlayırlar. Axı, Azərbaycanın milli gücünün daha da artması, yeni nailiyyətlər qazanması onların məqsədli planlarını alt-üst edir. Ona görə ölkəmizin yüksək beynəlxalq nüfuzuna kölgə salmaq üçün müxtəlif vasitələrlə istifadə edirlər. UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi yenidən anti-Azərbaycan dairələri fəallaşdırıb”.

Deputaın sözlərinə görə, Azərbaycanın müstəqil, qətiyyətli mövqeyinə xələl gətirmək məqsədi daşıyan qüvvələr həqiqətdən uzaq iddialar səsləndirir.

“İdmana heç bir aidiyyəti olmayan, qərəzli mülahizələr irəli sürür, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Azərbaycanın beynəlxalq tədbirlərdə təşkilatçılıq qabiliyyətini sual altına alanlar əslində yaxşı bilirlər ki, ölkəmiz bu sahədə peşəkarlığını dəfələrlə sübut edib. Ölkəmiz tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını Beynəlxalq və Avropa Olimpiya komitələri, digər mötəbər qurumlar tərəfindən yüksək qiymətləndirilib. 1600 şahmatçının qatıldığı 42-ci Ümumdünya Şahmat Olimpiadasının, qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 4 minə yaxın atletin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 üzrə Azərbaycan Qran-Prisininin, UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə keçirilmiş oyunlar, o cümlədən “Qarabağ” – “Çelsi” oyununun, neçə-necə möhtəbər tədbirlərin iştirakçıları ölkəmizdə onlar üçün ideal şəraitin yaradıldığını xüsusi ilə qeyd ediblər. Bütün bunlar Azərbaycan əleyhinə səsləndirilən ittihamların, şər, böhtan dolu fikirlərin əsassız olduğunu, Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədini ifadə edən faktlardır”.

Pərvin Kərimzadə əlavə edib ki, Prezidenti İlham Əliyev müəyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan sürərlə inkişaf edib, dünyada sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsinə çevrilib.

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr edilən mərasimdə Prezident İlham Əliyev qeyd etdiyi kimi, “uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.”

Ölkədə hökm sürən xalq-iqtidar birliyi Azərbaycanın çoxsaylı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verməyə şərait yaradır. Azərbaycan dünyada sülh, əmin-amanlıq tərəfdarı kimi tanınır, eyni zamanda, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına görə nümunəvi dövlətdir. Bu da bir daha əmin edir ki, məkrli dairələr heç zaman öz istəklərinə nail ola bilməyəcəklər. Digər möhtəbər tədbirlər kimi UEFA Avropa Liqasının final oyunu da ən yüksək səviyyədə keçiriləcək”.

Hadisə

Cəmiyyət