Cümə axşamı 19 Sentyabr 2019

Təhsil

UTECA-da Şuşanın işğalıyla bağlı tədbir keçirilib

Sənubər Göyüşqızı - 08/05/2019

Azərbaycan Texnologiya Universitetində Şuşanın işğalıyla bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, bu gün Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 27 il ötür. Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub.

Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.

Dəyirmi masa ətrafına toplaşanlar qeyd ediblər ki, Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib.

Çıxış edənlər Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımızın, o cümlədən Qarabağın tacı Şuşanın nəyin bahasına olursa-olsun tezliklə düşmən tapdağından azad ediləcəyinə əminlik ifadə ediblər.

Photogallery

60333972 457049881715025 5315365467269890048 N 59638147 457049871715026 2429921852731162624 N

Hadisə

Cəmiyyət