Milli-mənəvi dəyərlər UTECA gənclərinin gözü ilə
Azərbaycan Texnologiya Universitetində “Milli-mənəvi dəyərlərimiz UTECA gənclərinin gözü ilə” başlıqlı seminar keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova da iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov mövzunun aktuallığından danışıb. Bildirib ki, milli mənəvi dəyərlərin təbliği tarixi yaddaşı gücləndirir, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayır. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Azərbaycan Texnologiya Universiteti də öz növbəsində bu təbliğata daim önəm verir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərini və özünəxas xüsusiyyətlərini qoruyub saxlayır. Milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və sair bu kimi önəmli məfhumlar daxildir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür. Təbii ki, milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərlə də rastlaşırıq. Lakin unutmamalıyıq ki, bu dəyərlərin qorunması və gənc nəslə çatdırılması ən ümdə vəzifələrdən biridir.
Çıxış edənlər milli mənəvi dəyərlərin təbliği ilə bağlı universitetdə, eləcə də ölkədə görülən işlərdən, dəyərlərin yaşadılmasında gəcliyin rolundan danışıblar, tələbələrin mövzuya dair suallarını cavablandırıblar.