Bazar ertəsi 26 Avqust 2019

Mədəniyyət

Zərif və güclü qadın – Rəfiqə Sadıqova

Sənubər Qocayeva - 21/04/2019

“Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Ali Media Mükafatçısı, nəhayət istedadlı jurnalist - Rəfiqə xanım Sadıqovanın 70 illik yubileyinə həsr edilən “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçirilib. Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalından baş tutan gecənin təşkilatçısı Tərifə Abbasova iştirakçıları salamlayaraq, geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə xanımın həyat və yaradıcılığından bəhs edən video-çarxı tədbir iştirakçılarına təqdim edib.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Rəfiqə xanım Sadıqovanın Azərbaycan ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışıb. O qeyd edib ki, yaradıcılığında əsasən mənəvi-psixoloji problemlərə üstünlük verən zərif yazar çoxsaylı sənədli hekayə, povest və publisistik məqalələrin, habelə, “Dünya beş günlük deyil…”, “İkinci toy” və “Nigaran qalacağam” romanlarının müəllifidir. Bu yolda ona uğurlar arzu edən Xəzangül xanım, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın adından yubilyara Fəxri Diplom təqdim edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Həsən Məmmədov öz çıxışında sadəliyi və səmimiliyi ilə seçilən Rəfiqə xanımı təbrik edib. O bildirib ki, Rəfiqə xanım qələmi nə qədər iti olsa da, xasiyyəti bir o qədər mülayimdir. Rəfiqə xanıma hər zaman gümrah, gözəl və gülərüz olmağı arzu edib, yeni yaradıcılıq uğurları diləyib.

Gecədə Rəfiqə Sadıqovanın ömür-gün yoldaşı Həsənbala Sadıqov, yazıçı Nüşabə Məmmədli, yazıçı-həkim Tamara İslamqızı, “Novosti Gyandji” qazetinin baş redaktoru İrina Kalaşnikova, qazetin mühasibi Fatma Cəfərova,  yazıçı Qərib Mehdi, jurnalist Qalib Rəhimli, teatrşünas-tənqidçi Anar Bürcəliyev, “Gəncənin səsi” qəzetinin müxbiri Fərruxə Umarova və digər ziyalılar çıxış edərək Rəfiqə xanım Sadıqovanı təbrik edib, onunla olan zəngin xatirələri bölüşüblər.

Qeyd olunub ki, Rəfiqə Sadıqovanın yazıları daim üslub rəvanlığı, forma mükəmməlliyi, faktların dəqiqliyi ilə seçilib. Rəfiqə xanımın istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də elm və təhsillə bağlı xəbərləri eyni peşəkarlıqla, eyni həvəslə işlənib, oxucuya təqdim edilib. Şübhəsiz ki, bu, hər şeydən əvvəl səriştəli jurnalistin dünyagörüşü, bilik səviyyəsi və zəngin mütaliəsi ilə bağlı olub.  Gecədə Rəfiqə xanımın təşəbbüsü ilə qurulan “Tomris” Analar Cəmiyyətindən, 90-cı illərin əvvəllərində cəmiyyətin gördüyü işlərdən danışılıb.  

Yubiley gecəsi Gəncə Dövlət Filarmoniyasının solistləri  Xəyal Əliyevin, Şirxan Cahangirovun, 4 saylı musiqi məktəbinin yetirmələrinin təqdimatında xalq və bəstəkar mahnıları ilə davam edib.

 

Photogallery

+XB  9655 +XB  9636 +XB  9580 +XB  9591 58441953 458344271569901 2345064740755079168 N +XB  9654

Ən çox oxunan

Cəmiyyət