Bazar günü 21 İyul 2019

Təhsil

Azərbaycan İlahiyyat İnstitutu Gəncədə abituriyentlərlə görüş təşkil edib

Gülnar Fazilqızı - 12/04/2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli tədbirlərini davam etdirir.

İnstitut rəhbərliyinin və əməkdaşlarının növbəti səfəri Gəncə şəhərinə olub.

Aİİ-nin kollektivi öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Gəncə Şəhər Təhsil İdarəsində təşkil olunan görüşdə qurumun müdir müavini İsmayıl İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Respublikamızın təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə zəmin yaradır.

Aİİ-nin rektoru Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət edir.

C.Məmmədov diqqətə çatdırıb ki, ali tədris ocağı Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb.

Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən C.Məmmədov tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib. İnstitut rəhbəri Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili forması, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Qeyd edib ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.

Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin ictimai fəaliyyətini əks etdirən materiallar və videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin Sumqayıt şəhərində, Zaqatala, Şəki, Qəbələ, Quba, Bərdə, Ağcabədi, Şirvan, Neftçala və Biləsuvar rayonlarında da təşkili nəzərdə tutulur.

Photogallery

15549918523477257721 1000x669 15549918523144652401 1000x669 15549918524887963421 1000x669 155499185221944843 1000x669

Hadisə

Cəmiyyət