Çərşənbə günü 26 İyun 2019

Siyasət

Pərvin Kərimzadə: 'Uğurlu siyasət xalq-Prezident birliyini daha da gücləndirir'

Sənubər Qocayeva - 12/04/2019

2018-ci ildə ölkəmizin ən mühüm siyasi hadisəsi olan 11 aprel prezident seçkilərinin keçirilməsinin bir ili tamam olur. Ötən bir ilin hər ayı, hər günü müdrik xalqımızın Ulu Öndər Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyevə yenidən etimad göstərərək ölkə Prezidenti seçməkdə yanılmadığını bir daha təsdiq etdi. Vətəndaşlarımız, həmçinin milli maraqlara söykənən praqmatik və düşünülmüş siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyə, dayanıqlı və dinamik inkişafa, xalq-iqtidar birliyinə növbəti dəfə səs vermiş oldular.

Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Millət vəkili  bildirib ki, ötən bir il il dərin islahatlar ili oldu və bu islahatların nəticələrini bütün sahələrdə görürük. Onun sözlərinə görə, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə iqtisadiyyatımızın dayanıqlılığı təmin olundu, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atıldı: “Bütün istiqamətlər üzrə əldə edilən böyük nailiyyətlər, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində vətəndaşların mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir”.

Millət vəkili deyib ki, ötən il aprelin 18-də keçirilən andiçmə mərasimində cənab İlham Əliyev ölkəmizdə islahatların dərinləşdiriləcəyini, vətəndaşlarımızın yaşayış səviyyəsi yaxşılaşdırılmasına yönələn addımların genişləndiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, ötən bir il ərzində bu istiqamətlərdə mühüm addımlar atıldı: “Bu müddətdə cənab Prezidentin inqilabi xarakterli qərarları əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı və pensiyalar artırıldı. Problemli kreditlərin həlli ilə əlaqədar dövlət başçısının imzaladığı məlum Fərman və digər qərarlar da vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılanır. Bütün bunlar dövlətimizn başçısının siyasətində vətəndaş amilinin öndə olduğunu təsdiqləyir”.

Pərvin Kərimzadə qeyd edib ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalq-Prezident birliyini daha da gücləndirir. Fransanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri də bunu deməyə tam əsas verir. “Xalq Prezident İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi naminə həyata keçirdiyi inqilabi islahatları, daxili və xarici siyasəti yüksək qiymətləndirir. Hər bir Azərbaycan vətəndaşının dövlət başçısına olan inamı, etimadı və sevgisi sonsuzdur. Dünyanı bürüyən mürəkkəb və ziddiyyətli proseslər fonunda Azərbaycanda ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın, sosial rifahının qarantı Prezident cənab İlham Əliyevdir. Bu reallığı hər bir vətəndaşımız aydın şəkildə dərk edir”-deyə, millət vəkili vurğulayıb.

Hadisə