Cümə axşamı 25 Aprel 2019

Mədəniyyət

Türkiyədə “Nəsimi festivalı” keçiriləcək

Surxay Məmmədzadə - 30/03/2019

Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsindən sonra mədəniyyətin bir çox sahələrində İmadəddin Nəsimi ilə bağlı tədbirlər həyata keçirilməyə başladı.

Öz növbəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) də bu cür tədbirlərə ev sahibliyi edən təşkilatlar sırasındadır.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, il boyu Nəsimi ilə əlaqədar layihələr davam edəcək:

“Bu il çərçivəsində AYB-nin mətbu orqanlarında Nəsimi ilə bağlı geniş məqalələrin dərc edilməsi, onun qəzəllərinin silsilə şəkildə çap edilməsi nəzərdə tutulub. Eyni zamanda bölgələrdə yerləşən AYB-nin bölmələri xüsusi layihələr həyata keçirəcəklər. Artıq bununla bağlı tapşırıqlar verilib.

Yazıçılar Birliyinin özündə də müxtəlif tədbirlər nəzərdə tutulub. O cümlədən, Nəsiminin qəzəlləri “AYB kitab” layihəsi çərçivəsində çap olunacaq. Bundan əlavə əgər baş tutarsa, Türkiyədə keçirməyi planlaşdırdığımız layihəmiz var. Qardaş ölkənin ayrı-ayrı bölgələrində “Nəsimi festivalı” keçirmək istəyirik. Təxmini may ayında bu silsilə tədbirlərimiz baş tutacaq.

Türkiyədə planlaşdırılan festival daha çox Nəsiminin başqa ölkədə tanıdılmasına təkan verəcək. Nəsimi obrazında olan tanınmış qiraətçini özümüzlə götürmək fikrindəyik. Həmçinin Nəsiminin qəzəllərini peşəkar ifa edə bilən muğam, kamança ustaları, şairlər və alimlər iştirak edəcəklər. Tiflisdən başlamaq niyyətindəyik. Daha sonra Ankaraya qədər olan məsafədə bir neçə tədbir, Ankarada geniş tədbir və geri dönüşdə də Türkiyənin bir neçə regionunda tədbirlər keçirəcəyik. Nəhayət, 10 gün davam edəcək festivala Azərbaycanda yekun vurulacaq”.

Xəyal Rza qeyd edib ki, yazıçılar və şairlər tərəfindən AYB-yə fərdi təşəbbüslə əlaqədar müraciət olunmayıb:

“Yazıçılar Birliyinin Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri Birliyinin (İLESAM) ilə əməkdaşlığı var və mən həmin təşkilatın Azərbaycan təmsilçisiyəm. İLESAM-ın belə bir təklifi var ki, aylıq elm və ədəbiyyat dərgisinin bir sayını Nəsimiyə həsr etsin. Burada AYB üzvlərinin Nəsimi haqqında məqalələri, şeirləri və Nəsiminin öz qəzəlləri yer alacaq”.

Hadisə