Bazar günü 18 Avqust 2019

Mədəniyyət

Gəncədə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının açılış mərasimi baş tutub

Gülnar Fazilqızı - 29/03/2019

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının bu il ilk ünvanı Gəncə şəhəri olub. Yaradıcılıq festivalında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Mədəniyyət nazirin müavini Rafiq Bayramov, respublikanın 15 regional mədəniyyət idarəsinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.

Mədəniyyət nazirin müavini Rafiq Bayramov bildiirb ki, “Bölgələrdən bölgələrə” regionlararası yaradıcılıq festivalı artıq ikinci ildir ki, təşkil olunur. İlk regional tədbir Gəncədə baş tutur. Layihənin məqsədi şəhər və rayonlar arasında mədəniyyət əlaqələrinin genişləndirilməsidir.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının birinci hissəsində 16 regional mədəniyyət idarəsiniəhatə edən rayon və şəhərlərin iştirakı iləsərgi təşkil olunub.Sərgi çərçivəsində festival çadırları qurularaq şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib. Bundan başqa, sənətkarlıq nümunələrinin satışı da həyata keçirilib. Tədbir iştirakçıları festival çadırlarını gəzərək, regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanışlıq olmaq imkanı əldə ediblər.

Lahıc ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, Basqal kəlağayıları, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, muncuqlardan hazırlanmış bəzək əşyaları, Xaçmaz bölgəsindən olan daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi ölçülü şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, təkəlduz sənəti nümunələri, həmin bölgəyə aid şirniyyatlar, biləsuvarlı sənətkarın sadə qara qələmlə rəssamlığın qrafika janrında çəkdiyi bir-birindən gözəl rəsmlər, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun portreti, Masallı regional idarəsi tərəfindən təqdim olunan, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb. Bundan başqa digər regional idarələr tərəfindən dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid fəlsəfi məzmunlu rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərlər, qiymətli əl işləri pavilyonlarla tanış olan festival iştirakçılarında zəngin təəssürat yaradıb.

Festivalın ikinci hissəsində isə tədbir iştirakçılarına möhtəşəm konsert proqramı təqdim olunub. 16 regional mədəniyyət idarəsiniəhatə edən rayon və şəhərlərinmusiqiçiləri, rəqs qrupları, folklor kollektivləri və qiraət ustaları çıxış edərək, tamaşaçıları müsiqinin sehrinə salıblar.

Qeyd edək ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Gəncədən sonra Ağstafada təşkil olunacaq. Daha sonra isə növbə ilə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxıda keçiriləcək.

 

Hadisə