Bazar günü 13 Oktyabr 2019

Dünya

'Ümid' brilliantının lənəti - FOTO

Sənubər Qocayeva - 22/02/2019

Bu daşa “mavi ümid”, “göy iblis”, “fransız tacının göy brilliaantı” da deyirlər.

Qadınların ən çox sevdiyi zinət əşyalarından biri də brilliantdır. Elə bir xanım yoxdur ki, bu zinət əşyasını arzulamasın. Əbəs yerə almaza qiymətli daşların “şahı” demirlər. Onların arasında ən dəyərlisi isə nadir gözəlliyə malik olan göy-mavi rəngli “Houp” brilliantıdır. Bu daşa “mavi ümid”, “göy iblis” “fransız tacının göy brilliyantı” da deyirlər. Öz füsunkar gözəlliyi ilə o, bir çox kral və milyonçuların ürəklərini fəth edib, onları öz əsarəti altında saxlamağı bacarıb. 

"Ümid" brilliyantı 


                           

400 il müddətində müxtəlif ailələrə məxsus olan bu daşın hazırda sahibi yoxdur. “Houp” sözünün tərcüməsi “ümid” olsa da, almaz öz sahiblərinə yalnız ümidsizlik, bədbəxtlik gətirib. Əfsanəyə görə “Houp” daşı hind məbədindən oğurlanıb. Daş Rama Tanrısının heykəlini bəzədiyi üçün müqəddəs hesab edilirdi. Hindlilərin sözlərinə görə kristalı oğurlayan şəxsləri bədbəxtlik və kədər gözləyirdi.

Jan-Batist Tavernye

                              

Brilliant Avropaya Jan-Batist Tavernye adlı tacir tərəfindən təxminən 1693-cü ildə gətirilib. Tavernye fransız kralı XIV Lyudoviki qiymətli daşlarla təmin edən əsas tacirlərdən biri olub. O, bu unikal daşı zadəgan tituluna dəyişərək fransız kralına verib. Yeri gəlmişkən, Jan Batist 83 il uzun və xoşbəxt ömür sürüb.

XIV Lyudovik

                                   Əvvələr brilliantın çəkisi 116 karat olub. Sonra Lyudovik onu üçbucaq formasına saldırıb və nəticədə brilliant 69 karata düşüb. Bu daşı “kralın mavi gözü” adlandırırdılar. Brilliyantın ikinci sahibinin aqibəti isə heç də yaxşı olmayıb. Günlərin bir günü kral atdan yıxılaraq ayağını yaralayıb və qangrendən əziyyət çəkərək dünyasını dəyişib. 

Mariya Antuanetta

                             

XVI Lyudovikin atasından qalan miraslardan biri də sözügedən brilliant olur. Kral kristalı həyat yoldaşı Mariya Antuanettaya bağışlayır. Bildiyiniz kimi bu ailənin də taleyi faciəvi sonluqla bitir. Onlar Fransaya qarşı hazırlanan sui-qəsddə ittiham olunurlar və ictimaiyyət qarşısında boyunları vurulur.


IV Georg və Houp ailəsi

                            

XVIII əsrin əvvəllərində Fransada inqilab hökm sürürdü. Məhz bu ərəfələrdə “Ümid” yoxa çıxır. Bir müddətdən sonra almazın izi İngiltərədə tapılır. Onun yeni sahibi IV Georg olur. IV Georg Böyük Britaniyanın tarixində ən qeyri-rəsmi monarxlarından biri hesab edilirdi. Özündən sonra heç bir varis qoymadan ölən IV Georgun bu bədbəxtliyinin daşla əlaqəli olub-olmadığı məlum deyil.
XIX əsrin 30-cu illərində Henri Houp adlı bankir daşı alaraq öz şərəfinə adlandırır. Bir müddətdən sonra Houp sağalmaz xəstəliyə tutularaq dünyasını dəyişir. Yeganə oğlu isə zəhərlənərək ölür. 19-cu əsrin sonlarında Houpun brilliantı onun nəvəsi Henri Tomasa miras qalır, sonra isə Frensis Houpa satılır.


II Sultan Əbdül-Həmid

                              

1908-ci ildə Türkiyənin sultanı Əbdül-Həmid 80 min dollara brilliantı alır. Elə həmin il inqilabçılar tərəfindən devrilərək ömrünü həbsxanada başa vurur.


Pyer Kartye

                             

1910-u ildə məşhur zərgər Pyer Kartye brillantı çox baha qiymətə, təxminən 550 min franka alır. O bu daşa 16 brilliant əlavə edərək “armudvari” çərçivəyə salaraq boyunbağı düzəldir. Yeri gəlmişkən, daşın lənətli olması ilə bağlı şaiənin də məhz Kartyenin yaydığı iddia edilir. Bununla da o, daşın ətrafında daha çox maraq yaratmağa nail olur.

Maklin ailəsi

                                 

“Houp” brilliantının ən bədbəxt sahiblərindən biri də milyonçu Maklin ailəsi olub. Edvard Beyl Maklin "The Washington Post" qəzetinin, həyat yoldaşı, o vaxtın məşhur ictimai xanımlarından olan, Evelin Uolş Malkin isə qızıl mədənlərinin sahibi idi. Zərgərdən boyunbağını alan Edvard Beyl onu xanımı Evelin Uolşa hədiyyə edir. Qadın bu daşa o qədər vurulur ki, onunla bir dəqiqə belə ayrılmırdı: evdə, gəzintiyə çıxanda, qonaqlığa gedəndə belə boynundan çıxartmırdı. Lakin tezliklə ailənin üzərini qara buludlar alır. Ailənin tək oğlu yolu keçərkən avtomobil vurur və o, faciəvi şəkildə həlak olur. Qızı isə yuxu dərmanlarından zəhərlənərək ölür. Dərddən içkiyə qurşanan biçarə ata bir müddətdən sonra ruhi xəstəliyə tutulur və xəstəxanada vəfat edir. Buna baxmayaraq Evelin brilliantı nəvələrinə miras qoyur.

                                  

Evelinin ölümündən sonra Maklin ailəsi müflisləşir. Onun nəvələri borcları bağlamaq üçün Houp brilliyantını məşhur zərgər Harri Uinstona satırlar. Uinston, daşın lənətli olduğuna inanmasa da 1938-ci ildə onu Vaşinqtonda yerləşən Smitsonov universitetinə hədiyyə edir. Maraqlısı ondadır ki, Uinston hədiyyəni göndərərkən heç bir mühavizə tədbirləri görmədən, adi poçt vasitəsilə göndərir. 

                                   

Həmin gündən”Ümid” yaxud "Houp" brilliantı eksponat kimi Smitsonov universitetinin nəzdində fəaliyyət göstərən Milli Təbiət Tarix Muzeyində qorunur. Bu günə kimi Houp daşını görmək üçün muzeyə 100 milyonlarla insan axını müşaidə edilib. Eksponatın hal-hazırda qiyməti 350 milyon dollara bərabərdir.

                                   

2010-cu ildə almazın muzeyə köçürülməsi ildönümü ərəfəsində, daş üzərində 340 almaz dənəcikləriilə bəzədilmiş platin çərçivəyə salınıb. Zərgərlər boyunbağıya “Ümidi qucalqayarkən” adı verirlər.

                                    

Beləliklə sahiblərinin “Ümid”lərini puça çıxaran “Ümid” brilliantının qısaca tarixini sizə təqdim etdik. Bəlkə də burada heç bir mistik hal yoxdur. Sadəcə yuxarıda bəhs etdiyimiz insanların taleləri belə gətirib. Lakin bir şeyi unutmayaq. Nə qədər ümidlərimiz puç olmayıb həyatımızı maddi əşyalarla deyil, mənəvi dəyərlərlə əhatə edək. 

SƏNUBƏR Qocayeva 

Hadisə