Bazar ertəsi 27 May 2019

Səhiyyə

Xocalı rayonundan olan məcburi köçkünlər tibbi müayinədən keçirilib

Sənubər Qocayeva - 21/02/2019

Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Səhiyyə Nazirliyinin xüsusi sərəncamına əsasən hər il olduğu kimi bu il də fevralın 12-dən mayın 12-ə kimi Respublikada əhalinin icbari tibbi müayinələri keçirilir. 21 fevral 2019-cu il tarixində Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində, Gəncədə - “Yeni qəsəbə 2”də yaşayan, Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi icbari tibb müayinələrdən keçirilib.

Tədbirə hazırlıq məqsədilə öncədən Şəhər İcra Hakimiyyətinin və aidiyyəti tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə xüsusi müşavirə keçirilib, yerli televiziya kanallarında “qaçan sətirlərlə” mütəmadi elanlar verilib, öncədən Yeni qəsəbənin bir çox yerlərinə elanlar yapışdırılıb.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Abbasov məlumat verib ki, qəsəbədə 2500-dən çox sakin yaşayır, onlardan 1148 nəfəri Xocalıdan olan məcburi köçkünlərdi.  Bunlardan 512-ni uşaqlar təşkil edir. Nazim Abbasov onu da qeyd edib ki, tibbi proflaktik baxış üçün avdanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edilib.

Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibb müayinələr üçün ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər. Dövlət rəhbərinin daim vətəndaşlara göstərdiyi diqqət və qayğısını xüsusi vurğulayan sakinlər bu aksiyanın bariz nümunə olduğunu qeyd ediblər.

Bildirək ki, əhalinin tibbi müayinələri 12 may 2019-cu il tarixədək davam edəcək.

Hadisə

Cəmiyyət