Cümə axşamı 19 Sentyabr 2019

Təhsil

Nəsimi Məmmədov: 'Gəncədə 1950 nəfər abituriyent sınaq imtahanında iştirak edib'

Sənubər Qocayeva - 12/02/2019

Gəncədə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov bildirib ki, bu il respublika üzrə 55 binada sınaq imtahanı keçirilib, Gəncədə bu proses 3 binada təşkil olunub. İmtahanlarda 1950 nəfər abituriyent iştirak edib.

Sınaq imtahanları prosesinə 14 nəfər imtahan rəhbəri, 110 nəfər nəzarətçi müəllim təyin edilib. İmtahan prosesində iştirak edən hər bir abituriyent xüsusi qurğu vasitəsi ilə yoxlanılaraq imtahana buraxılıb.

Nəsimi Məmmədov: “Əvvəlki illərdə DİM tərəfindən keçirilən qəbul imtahanlarında müəyyən neqativ hallar baş verirdi. Belə ki, bir nəfər abituriyentin yerinə digərinin imtahanda iştirak etməsi halı aşkarlanmışdı. Bu hal Gəncədə də baş verib. Belə ki, ali təhsil müəssisəsinin tələbəsi abituriyentin yerinə iki dəfə imtahan prosesində iştirak etməyə cəhd göstərib. Bu tip halların qarşısını almaq üçün bu ildən “Face Recognition” (üzün tanınması) texnologiyası tədbiq edilir. Bəzi imtahan binalarına giriş zamanı iştirakçıların şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram - texniki vasitələrdən istifadə olunub. Belə ki, abituriyentlər imtahana qeydiyyatdan keçən zaman onların şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.”

Nəsimi Məmmədov qeyd edib ki, gələn il keçiriləcək ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması məqsədilə nümunə audiomateriallar da təqdim edilib. Xarici dil fənn kurikulumuna əsasən, ümumi və tam orta təhsil səviyyəsində “dinləyib-anlama” üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur.

Bildirək ki, fevralın 11-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. 

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Hadisə

Cəmiyyət