Bazar günü 17 Noyabr 2019

Sosial

Gəncədə partlayış nəticəsində zərər görən bina sökülərək yerində yenisi inşa ediləcək

Gülnar Fazilqızı - 07/02/2019

Gəncə Şəhər İcra Hakimiyyətində ötən ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş verən binan sakinləri ilə görüş keçirilib. Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli Sərəncamı barədə məlumat verib.

O qeyd edib ki, Prezident İlham Əliyev baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə sərəncam imzalayıb. Sərəncama uyğun olaraq yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat vəsait ayrılıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov bildirib ki, yaxın günlərdə binanın sökülməsinə başlanılacaq. Yeni yaşayış binası isə sakinlərin istəyinə uyğun olaraq elə həmin yerdə inşa ediləcək.

Sakinlər göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, hazırda ailələrə kirayədə qalmaq üçün pul ödənilir. Nazirlər Kabineti bunun üçün vəsait ayırıb və kirayə pulları ailələrin bank hesablarına köçürülür. Kirayə pulu ailələrin partlayışa qədər yaşadıqları evlərin sahəsinə uyğun olaraq 200-250 manatdan başlayır. 

Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb.

 

Photogallery

PS2A9131 PS2A9112 PS2A9200

Hadisə