Bazar ertəsi 26 Avqust 2019

Elm

Gəncənin gənc alimlərinin növbəti uğurları

Sənubər Göyüşqızı - 07/02/2019

Elnur Həsənov konfransın həmsədrlərindən biri seçilib və elmi konfransın bölmə iclaslarında moderatorluq edib.

2 Fevral – Gənclər günü ilə bağlı Bakı şəhərində ölkəmizin gənc alim və mütəxəssislərinin Ümumrespublika elmi konfransı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasında baş tutan toplantıda paytaxt Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrini təmsil edən gənc alimlər, tədqiqatçılar iştirak ediblər. Respublikamızda ilk dəfə olaraq keçirilən bu elmi tədbirdə Gəncə şəhərinin gənc alim və mütəxəssisləri də fəallıq nümayiş etdiriblər.

Şəhərimizi təmsil edən, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universitetindən olan gənc alimlərin də qatıldığı elmi toplantıda AMEA Gəncə Bölməsinin gənc tədqiqatçısı, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov konfransın həmsədrlərindən biri seçilib və elmi konfransın bölmə iclaslarında moderatorluq edib.

Ümumilikdə gənc alimlərin elmi konfransında 30-a qədər müxtəlif universitetin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat İnstitutlarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiləri olan gənc tədqiqatçıların iştirakı qeydə alınıb.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, gənc alimlərin elmi konfransında təqdim edilmiş əsas məruzələr multidissiplinar, daha doğrusu elmlərin, fənlərin qarşılıqlı əlaqələrini özündə əks etdirən tədqiqat işləri ilə bağlı olub. Əksər çıxışlarda son illərdə gənc alimlərin apardıqları və innovativ səciyyə daşıyan, yeni elmi nəticələri olan tədqiqatların təqdim edilməsi diqqəti cəlb edib.

Elmi konfransın gedişində xüsusi olaraq vurğulanıb ki, görkəmli alimlərin iştirakı ilə əvvəlcədən təşkil edilmiş konfransın elmi-təşkilati komitəsi tərəfindən bir ay ərzində konfransa təqdim edilmiş bütün məruzələr diqqətlə nəzərdən keçirilib. Bu seçim nəticəsində daha yüksək elmi dəyəri, yeniliyi və ən əsası isə tətbiqi əhəmiyyəti olan tədqiqat işləri məruzə edilmək üçün seçilmiş və nəşrə təqdim olunmuşdur. Bundan əlavə, konfransın təşkilat komitəsi daha çox elmi qrant layihələrində qalib olmuş tədqiqat işlərinə həsr edilən mövzulara xüsusi yer verib və bu elmi işlərin müəlliflərinə konfransda məruzəçi qismində iştirak etmək hüququnu təmin edib.

Ümumilikdə, konfransda edilmiş məruzələrin əksər qismi məhz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Prezident yanında Bilik Fondunun qrant müsabiqələrində qalib olmuş layihə müəlliflərinə məxsus idi.

Bir məqamı da qeyd etmək lazımdır ki, konfrans məruzəçiləri ilə yanaşı, konfransın iclasları üçün həmsədrlərin (moderatorların) seçimində də gənc tədqiqatçılar sırasında daha çox nüfuzlu impakt faktorlu elmi jurnallarda əsərləri nəşr edilmiş gənc alim və mütəxəssislərə üstünlük verilmişdir. Məhz bu səbəbdən şəhərimizin təmsilçiləri bu elmi konfransın bölmə iclaslarına həmsədr seçilib və moderatorluq ediblər.

Konfransın sonunda ən fəal gənc alimlər sertifikatlar və diplomlarla mükafatlandırılıblar.

Ən çox oxunan

Cəmiyyət