Bazar ertəsi 27 May 2019

QHT

Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyası ilə bağlı dəyirmi masa təşkil olunub

Gülnar Fazilqızı - 21/01/2019

Gəncədə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının müzakirə edilməsi məqsədi ilə müvafiq yerli hökümət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatları nümayəndələrinin iştirakı ilə dəyirmi masa tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov tədbirin məqsədi və proqramı haqqında məlumat verib. Sonra  Mehman Xəlilov bildirib ki, əlilliyi olan şəxslər  ölkəmizdə ən həssas qruplardan birini təşkil edir, məhs bu səbəbdən əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən birini təşkil edir. Daha sonra Mehman Xəlilov sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasının  və sosial inkluzivliyinin artırılması ilə bağlı biznes strukturlarının və vətəndaş cəmiyyəti təsisatlarının müvafiq fəaliyyətlərinin bu sahəyə əlavə dəyər gətirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan  Milli Paralimpiya Komitəsinin Gəncə regional şöbəsinin ağırlıq qaldırma üzrə baş məşqçisi Natiq Əliyev Gəncə regionundan olan sağlamlıq imkanları məhdud  insanların idman sahəsində əldə etdiyi uğurların bu sahəyə müvafiq hökumət strukturları tərəfindən göstərilən çox böyük diqqət və qayğı nəticəsində nail olunduğunu bildirmişdir. Eyni zamanda Natiq Əliyev sağlamlıq imkanları məhdud  olan uşaqların fiziki sağlamlığının yaxşılaşdırılması və idmana cəlb edilmələri ilə bağlı vətəndaş cəmiyyəti təsisatlarının da dəstəyini qeyd edib. 

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova çıxış edərək sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə teatr nümayişı, idman oyunları, bayram şənlikləri və digər tədbirlərin həyata keçirilməsində Gəncə Şəhər İcra Hakimiyyəti, biznes strukturları, Kəpəz bələdiyyəsi və digər təşkilatların çox böyük köməkliyi olmuşdur. Sonra Rəzalə Abbasova bu tədbirlərin sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasına əlavə bir stimul olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbirdə iştirak edən müvafiq yerli hökümət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasının  və sosial inkluzivliyinin artırılması ilə bağlı  müzakirədə dəyərli fikirlər söyləmiş və bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

34 nəfər müvafiq yerli hökümət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatlarının  nümayəndələrinin iştirakı ilə  həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən tədbirin ümumi qiymətləndirməsi, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyası ilə bağlı məsələlərin birgə müzalikəsinin əhəmiyyətinin  bir sıra aspektləri ətrafında  fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq  mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Photogallery

IMG 8448 IMG 8405

Hadisə

Cəmiyyət