Bazar günü 24 Mart 2019

Cəmiyyət

“Savaş” kitabı Gəncə ədəbi ictimaiyyətinə təqdim olunub

Sənubər Göyüşqızı - 11/01/2019

Gəncədə müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri - 82 yaşlı yazıçı Qərib Mehdinin sayca 45-ci, “Savaş” adlı kitabı işıq üzü görüb. Bu münasibətlə Gəncə Şəhər Mərkəzi Kitabxanasının kollektivinin təşəbbüsü və təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvləri, ziyalılar, ədəbiyyatsevərlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə kitabxananın oxu zalında müəllifin çoxsaylı kitablarının sərgisi ilə tanışlıq olub.

Tədbirdə çıxış edənlər ötən əsrin altmışıncı illərini xatırlayaraq Qərib Mehdinin Gəncə ədəbi mühitində tutduğu mövqedən və onun yaratdığı "İlham" Ədəbi Birliyinin uğurlarından söhbət açıblar. Çıxış edənlər "İlham" Ədəbi Birliyinə üzv olan istedadlı gənclərin sonradan ədəbiyyatımızda tanınan nəsr və poeziya nümayəndələrinə çevrilməsi istiqamətində Qərib Mehdinin göstərdiyi xidmətləri yüksək dəyərləndiriblər.

Qeyd edilib ki, tanınmış yazıçı dünya ədəbiyyatında qazandığı uğurlara görə BMT-nin "Şərəf və vicdan", eləcə də Rusiya Federasiyasının "Qızıl payız" müsabiqəsinin Sergey Yesenin adına ordenləri ilə təltif edilib. O, Böyük Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə Qərib Mehdinin yetirməsi və onun yaratdığı "İlham" Ədəbi Birliyinin məzunu, Prezident mükafatçısı, şair Xəzangül rəhbərlik edir.

Tədbirdə çıxış edən alimlər, yazıçılar, şairlər və jurnalistlər yazıçı Qərib Mehdi yaradıcılığının keyfiyyətlərindən söz açıb, çoxsaylı kitablar - roman, povest, hekayə və esselər müəllifinə səmimi ürək sözləri söyləyib, ona yeni-yeni yaradıcılıq uğurları diləyiblər.

Qeyd olunub ki, müəllifin sonuncu kitabında yer alan 4 povest, 16 hekayə, bir neçə esse və digər yazılarda müxtəlif mövzulara toxunulub, Azərbaycan qadınının ləyaqətinin böyüklüyü, Xeyir və Şər qüvvələrinin mübarizəsi müxtəlif yazılarda əks olunub.

Photogallery

15471278436167819647 1000x669 1547127843739110943 1000x669

Hadisə

Cəmiyyət