Cümə günü 14 Dekabr 2018

İdman

Gəncəli gimnast Nəzrin Məmmədova: 'Arzum Milli Gimnastika Arenasında keçirilən yarışlarda həmişə birinci yeri tutmaqdır'

Sənubər Qocayeva - 07/12/2018

Arzum Milli Gimnastika Arenasında keçirilən müsabiqələrdə həmişə birinci yeri tutmaqdır. Bunu bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubokunda çıxış edən idmançı, Gəncədən olan gənc gimnast Nəzrin Məmmədova deyib.

N.Məmmədova bildirib: "Milli Gimnastika Arenasında təşkil edilən müsabiqələrdə hər zaman birincilik qazanmaq istəyirəm. Həmçinin mən burada məşq etməyi də çox istəyirəm".

N.Məmmədovanın sözlərinə görə, o, ilk dəfədir bədii gimnastika üzrə Azərbaycan birinciliyində iştirak edir.

"Bədii gimnastika ilə məşğul olmaq çox xoşuma gəlir, mən öz valideynlərimdən özüm xahiş etmişəm ki, məni idmana göndərsinlər. Məşhur gimnastlarımızın çıxışları məndə böyük təəssürat yaradıb".

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Trend

Hadisə

Təhsil