Cümə günü 14 Dekabr 2018

Cəmiyyət

Bağçalara qəbul elektron qaydada olandan sonra şəffaflıq təmin ediləcək

Sənubər Qocayeva - 06/12/2018

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev dövlət bağçalarında valideynlərdən aylıq ödənişlərin alınmasına münasibət bildirib.

O deyib ki, dövlət bağçalarında aylıq ödəniş nəzərdə tutulmur.

Aparat rəhbəri qeyd edib ki, Bakıda məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qayadada həyata keçirildikdən sonra şəffaflıq təmin ediləcək: “Bakı Şəhər İcra Hakimiyyətinə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müəyyən şikayətlər daxil olur. Vətəndaşlar müəssisəyə müraciət edirlər və bəzi hallarda qərəzli şəkildə “yer yoxdur” cavabı alırlar. Elektron formata keçdikdən sonra bunun qarşısı alınacaq, bu sahədə tam şəffaflıq olacaq. Yəni, vətəndaşlar elektron qaydada müraciət edəcəklər, uşaqlar növbəlilik əsasında qəbul olunacaqlar. Şəffaflığı inzibati üsullarla təmin etmək olmur. Ona görə də elektron formanın tətbiqi məqsədəuyğun hesab edilir”.

E.Həbibullayev vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrinin inkişafı ilə bağlı işlər görülür: “Bu müəssisələrdə vətənpərvərliyin təbliği önəmli məsələlərdəndir. Bilirsiniz, bağçalarda vətəndaşının yetişməsinin əsası qoyulur. Bundan sonra əsasən uşaqların fiziki inkişafına önəm veriləcək. Həmçinin uşaqların qidanlanmasına da ciddi nəzarət ediləcək. Müəssisə rəhbərlərinə təlimat kitabçaları paylanılıb. Biz bunu paylamaqla kifayətlənməyəcəyik, həyata keçirilməsinə də ciddi nəzarət edəcəyik”.

O, məcburi köçkünlərin yerləşdirildiyi bağçaların qeydiyyatının aparıldığını bildirib: “Hazırda Bakıda 720 məcburi köçkün ailəsi bağçalarda yerləşdirilib. Həmin bağçaların qeydiyyatı aparılıb, müvafiq işlər tədbirlər görüləcək. Yaxın vaxtlarda bu məsələ həllini tapacaq”.

Hadisə

Təhsil