Mehdi Hüseynzadə 42 nömrəli tam orta məktəbdə anılıb
Gəncə şəhər 42 nömrəli tam orta məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi
münasibətilə dəyirmi masa keçirilib.
Tədbirin keçirilməsində məqsəd İkinci Dünya müharibəsi zamanı Azərbaycanın qəhrəman oğul və qızlarını şagirdlərə tanıtmaq olub.
Tədbirdə şagirdlərə qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri olub, Sovet İttifaqı Qəhrəmanıdır. İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirib.
Vurğulanıb ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Çıxış edənlər dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.