Cümə günü 14 Dekabr 2018

AXC - 100 İL

Əsgərlər unudulanda ölürlər!

Sənubər Qocayeva - 04/12/2018

Gəncədə “ARB Aran” Media Şirkətinin “Aranfilm” Yaradıcılıq Mərkəzində istehsal edilən “Əsgərlər unudulanda ölürlər” adlı sənədli filmi nümayiş olunub. Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının kino zalında təşkil olunan tədbirdə filmin yaradıcı heyəti də iştirak edib. Filmin ssenari müəllifi, araşdırmaçı jurnalist Arif Əliyev, filmin quruluşçu rejissoru Rövşən Almuradlı və Azərbaycan Jurnalistlər Birliyinin sədridir Elçin Şıxlı filmi gəncəli tamaşaçılarla birgə izləyiblər.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər keçirilir. “Aranfilm” Yaradıcılıq Mərkəzində istehsal edilən  “Əsgərlər unudulanda ölürlər” sənədli filmi də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyinə həsr olunub. Film jurnalist Arif Əliyevin iki illik araşdırmalarının nəticəsi olan “Yalama” povesti əsasında lentə alınıb. Filmdə 1920-ci ildə Azərbaycana soxulan 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyi öz əksini tapıb.

Filmin ssenari müəllifi Arif Əliyev hesab edir ki, ləyaqətli nəsil, məğrur millət qələbələri ilə yanaşı məğlubiyyətini də yadda saxlamalıdır: “Əl uzatdığımız tarixin reallığını bilməliyik.  Bu reallıqları gənc nəsilə düzgün şəkildə ötürməliyik. Bu çox vacibdir. Filmdə tarixin bir çox qaranlıq məqamlarına toxunulub. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, həmin 350 şəhid gəncin adını araşdırıb tapmaq mümkün olmadı. Buna səbəb, həmin sənədlərin arxivlərdə olmamasıdır”. Arif Əliyev, araşdırmalar zamanı həmin şəhidlərin yaxınlarından çox az insan tapa bildiklərini, bununla belə həmin əsgərlərin dəfn olunduğu məzarlığı müəyyən etdiklərini bildirib.  

Filmin çəkilişləri Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstan, Türkiyə və Rusiyada aparılıb. Filmin rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı Vaqif Gərayzadə, icraçı direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Film üçün bəstələnən mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunub.

Filmi izləyən tamaşaçılar bir əsrdən artıq Azərbaycan xalqından gizlədilən tarixi həqiqətləri öyrənməklə yanaşı, bir çox sənədli materiallardan xəbərdar olublar.

 

 

Photogallery

RAG 6057 RAG 6059 RAG 6045 RAG 6090 RAG 6081 RAG 6054 RAG 6069

Hadisə

Təhsil