Cümə günü 14 Dekabr 2018

Mədəniyyət

“Əziz dostum” televiziya layihəsinin yekun konserti Gəncədə keçirilib

Gülnar Fazilqızı - 01/12/2018

“Azad Azərbaycan” Teleradio və Yayım Şirkəti və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil olunub. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100-cü il dönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində reallaşıb. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin kollektivi, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, ATV kanalı Bədii Şurasının rəhbəri Etibar Babayev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın tanınmış jurnalisti, Bakı Slavyan Universitetinin professoru, ATV kanalı Bədii Şurasının rəhbəri Etibar Babayev bildirib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100-cü il dönümü münasibəti ilə il boyu silsilə tədbirlər davam edir. “Azad Azərbaycan” Teleradio və Yayım Şirkəti də belə layihərlərdən birini Türkiyədə “TRT Müzik” televiziya kalanında həyata keçirdi. Tanınan müğənni Müşərrəf Akayın aparıcılığı ilə “Əziz dostum” adlı proqram hazırlandı və hər bazar günü olmaqla 100 gün yayımlandı. Azərbaycanın tanınmış müğənniləri də o proqramın qonağı oldular. Proqramda azərbaycanlıların ifasında Türkiyə və türkiyəlilərin ifasında Azərbaycan mahnıları səsləndirildi.

“Əziz dostum” layihəsi həm televiziyalar arasındakı iş birliyi baxımından gözəl nümunə oldu, həm də mədəniyyət körpüsünün növbəti qolunu qoydu, - deyə Etibar Babayev bildirib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq ənənələrindən söz açıb. O, bildirib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. O qeyd edib ki, Türkiyə və Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlət" olaraq, öz münasibətlərini günü-gündən gücləndirirlər. Həyata keçirilən bu cür mədəni layihələr də bunun bariz nümunəsidir. 

Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində baş tutan konsert proqramı “TRT Müzik” televiziya kanalında yayımlanan 100 verilişin yekunu olub. Aparıcılığını Nanə Ağamalıyevanın etdiyi konsert proqramında tanınan müğənni Müşərrəf Akay fəxri qonaq qismində iştirak edib. Müşərrəf Akay həm sevilən mahnıları, həm də maraqlı söhbətləri ilə konsert proqramına xüsusi rəng qatıb.

Konsert proqramında “TRT Müzik” televiziya kanalında yayımlanan “Əziz dostum” layihəsinin qonağı olan sənətçilər iştirak ediblər. Nazpəri Dostəliyeva, Ehtiram Babayev, Zakir Əliyev, Elnarə Xəlilova, İlkin Əhmədov kimi Azərbaycanın tanınmış müğənni və xanəndələri Gəncə tamaşaçıları qarşısında çıxıb ediblər. Onları “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı müşayət edib. Azərbaycanın xalq artisti Şahnaz Haşımova, Gəncə Dövlət Filarmoniyasının “İncilər” uşaq rəqs kollektivinin çıxışları da gecəyə rəng qatıb.

“Azad Azərbaycan” Teleradio və Yayım Şirkətnin Türkiyədə “TRT Müzik” televiziya kalanında həyata keçirdiyi “Əziz dostum” layihəsinin yekun konsert proqramı “ATV” kanalında yayımlanacaq.

 

 

Hadisə

Təhsil