Bazar günü 18 Noyabr 2018

Mədəniyyət

İradə Gözəlovanın quruluş verdiyi 'Hellados' tamaşası Gürcüstanın Axmeteli Dövlət Dram Teatrında nümayiş edilib

Sənubər Göyüşqızı - 05/11/2018

Gürcüstanın Axmeteli Dövlət Dram Teatrında Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatcısı İradə Gözəlovanın quruluşunda Nodar Dumbadzenin “Hellados” pyesi ictimaiyyətə təqdim olunub.

Gəncə Dövlət Dram Teatrının ədəbi hissə müdiri Anar Bürcəliyev bildirib ki, İradə Gözəlova tərəfindən maraqlı rejissor traktofkası ilə hazırlanan tamaşa gürcü teatrsevərləri tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb. Bu təkcə İradə Gözəlovanın uğuru deyil, həm də Gəncə Dövlət DramTeatrının və yaradıcı kollektivin uğurudur. Hər bir uğurumuz isə bizim geniş yaradıcılıq potensial qüvvəmizdən xəbər verir.

Əsərin əsas mövzusu yunan əsilli Yanquli adlı gəncin boya-başa çatdığı Suxum şəhərindən atası ilə birgə Yunanıstana qayıtmasına həsr olunub. Gənc doğma Suxumdan, yaxın dostları və sevdiyi qızdan ayrılmağa özündə güc tapmır. Tamaşa Yanqulinin atası ilə birgə gəmi ilə Yunanıstana yola çıxarkən özünü dənizə ataraq ölməsi ilə başa çatır.

Səhnə əsərində əsas rolları Giorgi Tsxadadze, Andria Qvelesiani, Demo Kalandadze, Nino Tsimakuridze və digər aktyorlar canlandırıb.

İ.Gözəlova premyeradan sonra tamaşada rol almış aktyorların oyunundan razı qaldığını bildirib: “Tamaşanın izləyicilər tərəfindən rəğbətlə qarşılanması mənim üçün xoş oldu. Ümid edirəm ki, bu tamaşa teatrsevərlərin ürəyində uzun müddət xüsusi yer tutacaq”.

Tamaşanın əsas qəhrəmanı Yanquli obrazını yaratmış aktyor Andria Qvelesiani İ.Gözəlova ilə iş birliyinin uğurlu alındığını bildirib: “Bu tamaşa İradə xanımla ilk işim oldu. Onunla tamaşa üzərində çalışmaq xoş və gözəl oldu”.

Səhnə əsərinin digər qəhrəmanı Elena obrazını canlandırmış aktrisa Nino Tsimakuridze də azərbaycanlı rejissorla çalışmağın çox maraqlı olduğunu deyib: “İradə xanım istedadlı rejissordur və onunla iş birliyimiz çox xoş oldu”.

Premyeranın tamaşaçıları arasında Gəncə Dövlət Dram Teatrının rəhbərliyi, Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları da olub. “Hellados” tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Nodar Dumbadzenin “Hellados” pyesi Gəncə Dövlət Dram Teatrının 124-cü mövsümünün acılışında teatrsevərlərə təqdim olunub. Teatrın yaradıcı kollektivi elə bu səhnə əsəri ilə Özurgeti Beynalxalq Teatr Festivalında uğurla iştirak edib və mükafata layiq görülüb. Gürcüstanda calışan teatrşunaslar və sənət adamları Gəncə Dövlət Dram Teatrının bu quruluşuna çox yüksək qiymət verərək dövrü mətbuatda tamaşa haqqında geniş ressenziya və məqalələrlə cıxış ediblər. Bu təqdimatdan sonra Axmeteli Dövlət Dram Teatrının Bədii rəhbəri İrakli Gogia məhz “Hellados” pyesini eyni quruluşda Axmeteli Dövlət Dram Teatrında hazırlannasını Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadan xahiş edib və onu bu teatra dəvət edib.