Bazar günü 18 Noyabr 2018

Təhsil

Gəncədə Dövlət İmtahan Mərkəzinin konfransı keçirilib

Sənubər Qocayeva - 03/11/2018

Konfrans "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda baş tutub. Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Sevda Qurbanəliyeva, Gəncə və ətraf şəhərlərdə yerləşən ali təhsil müəssisələrinin rektorları, DİM-in Gəncə Regional bölməsinin, AMEA-nın Gəncə mərkəzinin nümayəndələri, təhsil şöbələrinin müdirləri və pedaqoji kollektivlər iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Sevda Qurbanəliyeva konfrans iştirakçılarını salamalayaraq bildirib ki, Gəncədə bu il ali məktəblərə qəbul olanların sayı ötən ilə nisbətən daha yüksək olub. Ali məktəblərə qəbul olanların 264 nəfəri 500-dən yuxarı, 90 nəfəri 600-dən yuxarı, 1 nəfəri isə 700 bal toplayıb. 

Məleykə Abbaszadə bildirib ki, konfransın keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahan modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər məslələrin idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir. M. Abbaszadə qeyd edib ki, DİM fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Sədr bildirib ki, 2018-ci il ərzində DİM-in həyata keçirdiyi imtahanlarda ümumilikdə 641 min 517 nəfər iştirak edib. İmtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədi ilə 48 min 309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Vətəndaşlar hesabat ili ərzində 7 milyon dəfədən çox DİM-in elektron xidmətlərindən istifadə ediblər. 

Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin əməkdaşları bir çox mövzular ətrafında təqdimatlar ediblər. Bunlar əsasən "Dövlət qulluğu sahəsində DİM-in fəaliyyəti", "Ali təhsilin müxtəlif səviyyələrinə qəbul imtahanlarının məzmununun hazırlanması və bu işdə içtimaiyyətin iştirakı" və s. mövzularını əhatə ediblər.

Çıxışlarda 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər, imtahan modeli və yeni məzmunlu tapşırıqlarla bağlı ictimaiyyətin məlumatlandırılması, ictimai əhəmiyyətli fəaliyyət olan imtahanların təşkili, keçirilməsi, nəticələrin emalı, həmçinin imtahanlara cəlb edilən məsul şəxslərin, əlaqəli təşkilatların bu proseslərdə iştirakı, dövlət qulluğuna qəbul və digər məsələlər haqqında geniş məlumat verilib.

Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər Kəmalə Şahmuradova, Ulduz Əmrahova və Şəhla Nəbiyeva mükafatlandırılıb və "Fəxri fərmanla" təltif edilib. 

Qeyd edək ki, konfrans silsilə şəklində davam edəcək. Beləki, noyabrın 5-də Şəkidə, noyabrın 8-də Lənkəranda, noyabrın 13-də Naxçıvanda, noyabrın 17-də isə Bakı şəhərində yekunlaşacaq.

 

Photogallery

71a8dcc2d1e8e7ef821df56ca949da36 C7e92ee0bfa0a4db6da2ec56c3800481 C0451e812352569abf2601ef6d762a39 83f3783f5122671642fcfa3756896aa6 83f3783f5122671642fcfa3756896aa6