Bazar günü 18 Noyabr 2018

Siyasət

Pərvin Kərimzadə: 'Ölkəmiz yenidən dünyanın diqqət mərkəzində oldu'

Gülnar Fazilqızı - 30/10/2018

Mühüm əhəmiyyət kəsb edən tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə böyük nüfuz qazandırır. Burada müzakirə edilən qlobal məsələlər, bəşəriyyətin ümumi inkişafına xidmət edən çağırışlar öz əhəmiyyətinə görə dünyanın diqqətini Azərbaycana yönəltməyi bacardı. Bu sözləri “Xalq qəzeti”nə müsahibəsində Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

“Müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir.Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirdiyi fikirləri xatırladaraq, millət vəkili qeyd edib ki, bu  dövlətimizin apardığı, xalq tərəfindən birmənalı şəkildə dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edildiyinin təsdiqidir.

VI Bakı Beynəlxalq Forumu ilə Azərbaycan növbəti dəfə də sivilizasiyalararası dialoqa öz töhfəsini verməyi bacardı. Mötəbər tədbirdə 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə bəşəriyyətdə maraq doğuran geniş spektrli qlobal məsələlərə həsr olunan dialoqlarla, müzakirə və fikir mübadilələri ilə bir sıra problemlərin həll yollarını araşdırdı, dünyanı narahat edən aktual məsələlərə aydınlıq gətirməyə çalışdı. Dünyanın tanınmış siyasət, elm, mədəniyyət, təhsil xadimləri Bakıda bir araya gələrək insanlıq naminə birləşməyə çağırış etdilər. Onlar bu beynəlxalq tədbirin təkcə Azərbaycan üçün deyil, bütün dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Bir sözlə, dünyanın Azərbaycana toplaşmasına şərait yaradan forum ölkəmizin və mütərəqqi dünya birliyinin tarixində, sivilizasiya böhranından çıxmaq yolunda mühüm olduğunu göstərdi.