Bazar günü 18 Noyabr 2018

Mədəniyyət

Şahnaz Haşimova: “Mən bu mahnını uzun illər qəlbimdə oxumuşam...”

Gülnar Fazilqızı - 29/10/2018

Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı hesabat konserti ilə çıxış edib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasın böyük səhnəsində səslənən xalq və bəstəkar mahnıları, təqdim olunan rəqslər tamaşaçıların zövqünü oxşayıb. 1 saatdan artıq davam edən konsert proqramı maraqlı anlarla yadda qalıb.

Gəncə Dövlət Filarmoniyasın Uşaq Rəqs Ansamblının (baletmestr Sənan Cavadov) “İncilər rəqsi” tamaşaçıların xüsusi alqışını qazanıb.

Ansamblın 8 solisitinin bir-birindən maraqlı ifaları da tamaşaçılarda xoş ovqat yaradıb. “Göygöl” Rəqs Ansamblınn təqdimatında Telman Hacıyevin “Süita”sı, Rövşən Məmmədov və Samirə Məmmədovanın ifasında Nəriman Məmmədovun “Sənin eşqin edibdir”i, Samir Məmmədovun təqdimatında Cahangir Cahangirovun “Bakı”sı, Əli Məmmədovun təqdimatında Elza İbrahimovanın “Mehribanım”ı gecənin yadda qalan ifalarından olublar.

Konsert proqramının sonlarına yaxın səhnəyə çıxan Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşimova tamaşaçılara üç yeni ifa təqdim edib. O qeyd edib ki, Tofiq Bakıxanovun “Gözəlliklər məskəni”, Hacıbaba Hüseynovun “Tar çalan oğlan”, İzolda Babayevanın “O gözlər” ilk dəfədir ki, onun ifasında səslənir: “Sara Qədimovanın repertuarına daxil olan “Tar çalan oğlan” mahnısını çox bəyənirdim. Uzun illər mən o mahnını qəlbimdə ifa etmişəm. Bilirsiz, tale-qismət elə gətirdi ki, mən “kamança çalan oğlan”la ailə həyatı qurdum. Buna görə də bu mahnını ifa edə bilmədim. Düşündüm ki, həyat yoldaşımın xətrinə dəyər, inciyər. Lakin yaxın zamanlarda bizim Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, tarzən Sahil Quliyev dedi ki, Şahnaz xanım, mən bu mahnını sizin ifanızda eşitməşi çox istəyirəm. Bəlkə ifa edəsiniz? Bu təklif mənim ürəyimcə oldu. Dedim, Sahil, siz xahiş edirsinizsə, oxuyaram. Zənnimcə yoldaşım da inciməz. Mən çox xoşbəxtdəm ki, uzun illər səssiz-səssiz qəlbimdə ifa etdiyim bu mahnını bu gün böyük səhnədə, tamaşaçıların qarşısında oxuyuram”.  

“Göygöl” Rəqs Ansamblının “İgidlər” rəqsi isə konsertə öz damğasını vurub. Baletmestr Sənan Cavadov və rəqs ansamblı üzvlərinin çıxışını tamaşaçılar ayaq üstə alqışlayıblar.