Çərşənbə günü 17 Oktyabr 2018

Təhsil

Gəncə Dövlət Universitetinin ixtiraları beynəlxalq sərgidə nümayiş olunub

Gülnar Fazilqızı - 12/10/2018

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi işini davam etdirir. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Gəncə Dövlət Universiteti (GDU) öz stendi ilə təmsil olunur.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən GDU-nun stendi ilə yaxından tanış olub.

Stendə baxış zamanı niversitetin rektoru, professor Yusif Yusibov nazirə universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verib.

Rəhbərlik etdiyi ali məktəbin hər il sərgidə uğurla iştirak etdiyini deyən professor Yusif Yusibov bildirib ki, hər bir təhsil müəssisəsinin sərgidə təmsil olunmağı onun fəaliyyətinin göstəricisidir.

Diqqətə çatdırılıb ki, sərgidə il ərzində universitetin qazandığı nailiyyətləri, elm və tədrisdəki yenilikləri, universitet alimlərinin nəşr olunan kitabları və beynəlxalq konfranslardakı çıxışları, müəllimlərin monoqrafiyaları, habelə universitetin beynəlxalq əlaqələri, qoşulduğu çoxsaylı beynəlxalq layihələri, hər il təşkil olunan beynəlxalq konfransları, xüsusən də innovativ təşəbbüsləri, startap layihələri və bu sahədə əldə olunmuş nailiyyətləri əks etdirilir.

Sonra universitetdaxili startap müsabiqələrində qalib gəlmiş ideyaların prototipləri olan meyvəqurudan qurğu ilə bal arılarını gənələrdən təmizləyən qurğu ilk dəfə sərgi iştirakçılarına təqdim edilib.

Bildirilib ki, universitet alimlərinin və tələbələrinin birgə təşəbbüsü ilə ixtira edilən bu qurğuların tətbiqi ölkəmizin aqrar sektoruna, xüsusən də meyvəçilik və arıçılığa böyük iqtisadi səmərə qazandıra bilər. Belə ki, birinci qurğu müxtəlif meyvələrin qurudularaq xarici bazarlarda satışını təmin edə bilər. İkinci qurğu isə bal arılarının sirayətləndiyi gənələri təmizləməklə onların məhsuldarlığını artırar.

Sərginin davam edəcəyi üç gün ərzində GDU-nun stendinə gələn ziyarətçilərə bu təhsil müəssisəsinin bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat veriləcək. Sərgi iştirakçıları universitetin beynəlxalq əlaqələri, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış olmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, “Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

XII Azərbaycan beynəlxalq təhsil sərgisi oktyabrın 13-dək davam edəcək

Photogallery

KOD 4523 700x500 KOD 4529 700x500 KOD 4491 700x500 KOD 4518 700x500

Hadisə