Çərşənbə günü 17 Oktyabr 2018

Cəmiyyət

“Beynəlxalq qızlar günü”nə özəl... - Gülnar Fazilqızı

GanjaNews - 11/10/2018

Gözləri saatla qapı arasında körpü salmışdı sanki. Saatın əqrəbləri irəlilədikcə, ürəyinin daha da artan döyüntüsü, az sonra işdən qayıdacaq atasının ayaq səslərinin sədası kimi gəlirdi ona: tup-tup, tup-tup, tup-tup...

Bu gün onun ad günü idi. Həyatının 13-cü ilinə qədəm qoyurdu Lamiyə. Atası səhər işə gedəndə söz vermişdi ki, bir aya yaxındır qızının ondan istədiyi kitabı bu gün alıb gətirəcək. Gətirməli idi... Axı o, sinifdəki qızlara: “sabah hökmən o kitabla gələcəm, görəcəksiniz” – deyərək lovğalanmışdı.

Qapı döyüldü. “Tap-tap-tap”. Lamiyənin qəlbinin döyüntüsü daha da artdı. Artıq buna səbəb bayaqdandır bütün bədəninə hakim kəsilən həyəcanın təsiri deyildi. Lamiyə bu “tap-tap-tap”ı yaxşı tanıyırdı. Anası, tələsik mətbəxdən çıxıb, əllərini önlüyünə silə-silə qapıya tərəf qaçdı. Açılan qapının önündə dayanan atasını görəndə Lamiyənin çiyinləri düşdü. Bayaqdandır gözlərində sezilən parıltı, üzündəki təbəssüm söndü. O ayağa qalxdı, heç nə demədən, başını aşağı salıb, öz otağına getdi. Bundan sonra nələrin olacağını bilirdi. Atası bu axşam da evə sərxoş gəlmişdi.

O pəncərənin önünə yaxınlaşdı. Pərdənin arxasından çölə boylandı. Artı payız bir iki ay əvvəl yamyaşıl olan yarpaqlarını xəzana çevirib sovurmuşdu. Qonşuluqda yaşayan Tağı dayı qapılarının önündə dayanıb, zəngi basırdı. Hər iki əlində böyük bağlamalar var idi. Qapı açılan kimi, onun Lamiyədən bir yaş böyük əkiz qızları, atalarının boynuna sarıldılar. Onlar da bu gün doğum günlərini qeyd edirdilər. Tağı dayı qızlarının əlindən içəri keçməyə macal tapmadı. Əlindəki bağlamaları onlara verdi və qapı üzünə təbəssüm qonmuş üç simanı arxasında gizlətdi.

Əkiz bacılardan biri Səlminə həkim olmaq istəyirdi. Digəri, Gülər isə mühəndis. Bəs, o, Lamiyə, böyüyəndə nə olacaqdı? Arzuları, xəyalları, ümidləri var idimi? İki gün əvvəl bir küçə aşağıda yaşayan Sahibə xala onlara qonaq gəlmişdi. Sahibə xalanın anası ilə olan söhbətinin qırıntıları qapı aralığından ona da gəlib çatırdı.

-          Dünən böyük oğluma bacım qızının “hə”sini aldım. İn şa Allah, bir ilə də toylarını edəcəyik.
-          Ay Səkinə, axı, sənin oğlun ondan 7-8 yaş böyükdür mən bilən.
-          Olsun da, burda nə var ki?
-          Heç nə, axı qızın yaşı azdır. 16 yaşı var deyirsən.
-          Heç nə olmaz. Elə mən də ərə gələndə o yaşda idim.
-          Hmmm... Oğlunla qız yəgin bir-birlərini istəyiblər, hə?
-          təbii ki oğlum bəyənir. Amma qız hələ ki, uşaqdır. Eh, nə qanır sevgi nədir? Gələr, sevər. Sənin qızının neçə yaşı var?
-           13 olacaq.
-          Hə, hələ tezdir, amma çox gözləmə sən də. 3-4 ildən sonra istəyən olan kimi ver getsin.
-          Eh... nə bilim. Bəlkə də düz deyirsən. Onsuz da oxuyası deyil. Atası qoymaz. Heç elə imkanımız da yoxdur...

Zərblə divara dəyib sınan şüşə qabın səsi, Lamiyəni gerək həyata qaytardı. Anasının ağladığını eşitdi. Otaqdan çıxmaq istədi, amma sonra qardaşının səsini eşidib fikrindən daşındı. Pərdəni aralayıb, Tağı dayıgilin evinə tərəf boylandı. Səlminə ilə Gülərin otağının pəncərəsində işıq yanırdı. Lamiyənin yanağından iki damla yaş süzüldü. Çöldə yağış başlamışdı...

Bu kiçik yazı, eyni səmanın altında doğulub, fərqli həyatlar yaşayan qızlara həsr edilir... Bu kiçik yazı, Lamiyə qədər şanslı ola bilməyib, qız olduğu üçün dünyaya gətirilməyən körpələrə həsr edilir... “Lamiyə qədər şanslı”! Öz sözümə özüm gülürəm əslində, ağlamalı vəziyyətə gülən insanlar kimi. Lamiyə kimi “şanslılar”ımız nə qədərdi görən? Öz seçimi olmayan, sadəcə həyatı yox, arzuları, xəyalları, ümidləri belə əlindən alınan “şanslılar”ımız?!

Əl çörəyi yox, ər çörəyi, üstünə də “desert” olaraq ər kötəyi yenən “qızlar”ımız nə qədərdi görən? Fərqli ailələrdə, fərqli şəhərlərdə, fərqli ölkələrdə, fərqli iqlimlərdə doğulub, eyni həyatı paylaşanlar nə qədərdi görən?

Tarix: 11.10.2018

Bu gün “Beynəlxalq qızlar günü”dür. Bu günün keçirilməsində əsas məqsəd qızların hüquqlarının müdafiəsinə diqqəti yönəltməkdir. Bir çox cəmiyyətlərdə mövcud olan qızlar və oğlanlar arasındakı ayrıseçkiliyin aradan qaldırılmasına təkan verməkdir.

Əziz valideynlər! Övladlarınızı sevin. Qız, oğlan fərq etməz, amma qızlarınızı bir az daha çox əzizləyin. Çünki onlar zərifdirlər. Əzizləyin ki, sevildiklərini bilsinlər. Önəmli olduqlarını hiss etsinlər. İcazə verin böyüsünlər. Sizinlə birlikdə böyüsünlər. Övladları ilə birlikdə yox! Böyüməyin nə demək olduğunu dərk edərək böyüsünlər. Vaxtında, zamanında böyüsünlər. Hər yaşın gözəlliyini, özəlliyini hiss edərək böyüsünlər.

Bilsinlər ki, cəmiyyətin inkişafı onlara bağlıdır. Bilsinlər ki, onlar öz ayaqları üzərində dayanmalı, ali təhsil almalı, özləri fərd olaraq yetişməli və yalnız bundan sonra başqa, yeni bir fərdi yetişdirmək kimi, böyük bir məsuliyyətin ağırlığını çiyinlərinə almalıdırlar. Ən azı bunu bilmək onların haqqıdır. Bu haqqı onların əlindən almayın!

“Beynəlxalq qızlar günü”nün qeyd edilməsinə ehtiyac qalmayacaq zamanın tezliklə yetişməsi ümidi ilə... Gününüz mübarək, əziz qızlar!

Hadisə