Çərşənbə günü 17 Oktyabr 2018

Mədəniyyət

Xəzər Gəncəli: 'Teatra gənc kadrları cəlb etməliyik'

Sənubər Göyüşqızı - 09/10/2018

Novruz Gəncəli ömrünün çox hissəsini Gəncədə kecirib.

Hələ uzun illərdən bəri ailəmizin çox yaxın dostu olan şair, dramaturq Novruz Gəncəlini yaxşı xatırlayıram. O Novruz Gəncəli ki, taleyin qismətindənmi ya ki, elə özünün tale yükündənmi ömrünün çox hissəsini Gəncədə kecirib. Bu illər ərzində hər dəfə ailəmizin qonağı olaraq mərhum atam, respublikanın xalq artisti Məhəmməd Burcəliyevlə birgə teatr sənəti ilə bağlı maraqlı həmsöhbətlərinin şahidi olurdum. Sonradan qismətimə rejissor Hilal Həsənovun Gəncə Dövlət Dram Teatrının səhnəsində onun qələmə aldığı “Səadət yağış deyil” pyesinin hazırlanması ilə səhnə təcəssümünü böyük maraqla izlədim. Qismətimə nəsib oldu ki, mən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almalı oldum. Düzdür artıq o illərdə Novruz Gəncəlini çox az-az xatırlayırdım. Ancaq Universitet illərində qarşıma yeni bir imza cıxdı. Xəzər Gəncəli. Araşdırmalarım nəticəsində bildim ki, Xəzər Gəncəli şair, dramaturq Novruz Gəncəlinin oğludur. Bir necə dəfə onunla bu illər ərzində görüşmək cəhtlərim boşa cıxdı. Sonralar isə eşitdim ki, Xəzər Gəncəli artıq Respublikamızdan kənarda İstanbulun Mərmərə Universitetində teatr aktyoru və rejissorluğu ixtisası üzrə dərs deyir. Beləcə bu görüş bizim üçün on iki illik bir fasilədən sonra televiziyaların birində üç il bundan qabaq adi bir verilişin cəkilişi zamanı reallaşdı. Cəkiliş paviliyonunda qarşımda dayanan şəxsin Xəzər Gəncəli olduğunu bildikdə sevincimin həddi-hüdudu yox idi. Çünki bu görüşü illərdir ki, gözləyirdim. Elə burada da xəbər tutdum ki, o, artıq vətənə dönüb və Mədəniyyət Nazirliyinin göndərişi ilə Mingəçevir Dövlət Dram Teatrına baş rejissor kimi təyin olunub. Bu təyinatdan sonra dəfələrlə Mingəçevir Dövlət Dram Teatrının qonağı olub Xəzər Gəncəlinin hazırladığı tamaşalara böyük maraqla baxdım. Bu gün isə onunla həmsöhbət olduğum fikirləri qələmə almaq qərarına gəldim. Beləliklə həmsöhbətimiz Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Xəzər Gəncəlidir.

 - Uzun illərdir rejissor olaraq fəaliyyət göstərirsiniz. Bu illər ərzində bir sənətkar rejissor olaraq Xəzər Gəncəli özünü tapa bildimi?   

 - Özünü tapmaq deyəndə bu sənət elədir ki, istər-istəməz ömrünün axırına kimi axtarışda olursan. Yəni bu axtarış bir sonsuzluğa gedir, tamamlanması mümkün deyil. Ona görə də bir az özünü tapmaq söhbəti çətin məsələdir. Əgər sənət yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən. Axtarırsan, maneələrə, çətinliklərə rast gəlirsən, daş-kəsəkli yollar keçirsən, yaxşı işində olur, bərbat işində. Baxmayaraq ki, bir çox tamaşalara quruluşlarım olub. Bu o demək deyil ki, haması yüksək səviyyədə qurulan tamaşalardır. Əlbəttə yenə də bu tamaşaların hər birində axtarışda olmuşam. Hələ də mən özümü tapmamışam. Deyə bilmərəm ki, özümü tapmışam və yüksək səviyyədə zirvəyə qalxmışam. Mənə belə gəlir ki, bu sözü heç kəs deyə bilməz. Bu baxımdan axtarışdayam və ömrümün sonunadək də yəqin ki, axtarışda olacam.

 - Bu gün dövrümüz texnika əsri, internetin geniş bir şəkildə vüsət aldığı zamana təsadüf edir. Canlı olan teatr bu günün tələbləri qarşısında acizdir. Bunlara rəğmən tamaşaçı duyumunu özündə saxlamaqla teatrlarımız repertuar siyaəsətini necə təşkil etməlidir?

 - Bu bir reallıqdır və bilirsiz ki, əvvəlki dövrlərdə olduğu kimi tamaşaçını heç cürə teatra qaytara bilmirik. Sözsüz ki, otuz il bundan qabaqkı tamaşaçı axını yoxdur. Bunun da səbəbini hamımız çox yaxşı bilirik. Təəssüf ki, bu gün televiziyalarda bayağı, yüngül formada tamaşalar göstərilir və tamaşaçılar buna baxır. Tamaşaçı təlabatı nədənsə bu səpgili oyunlaradır. Ancaq vaxt və dövr olub ki, teatrlarımıza axın olub. Təbii ki, burada həm də televiziyaların böyük rolu var. Çünki evimdə artıq 300-400 kanala baxmaq imkanım var və teatr mənim evimə gəlib. Bütün bunların çox böyük təsiri var. Bu gün məcburuq tamaşaçının dalınca qaçmağa. Müxtəlif yollarla tamaşaçını teatrlarımız üçün bərpa etməliyik. Bu gün teatrlara tamaşaçı axınının olmaması bütün hər yerdə mövcuddur. Yəni bilirsiz dövr və zaman, təlabat dəyişib. Məgər bu gün bizim pis tamaşalarımız var? Çox gözəl tamaşalarımız var. Bütün teatrlarımızda rejissorlarımız böyük maraqla yeni quruluşlar verirlər. Azərpaşa Nemətov, Bəhram Osmanov, İradə Gözəlova, Vaqif Şərifov və digər rejissorlarımız fədakarlıqla calışırlar. Ancaq tamaşacı zalına baxırsan tamaşaçı yoxdur. Çox böyük bir dərdimizdir.

- Mingəçevir Dövlət Dram Teatrında vəziyyət necədir? Teatrda çalışdığınız müddətdə hansı tamaşaları hazırlamısınız?

- Deyim ki, bu gün Mingəçevir Dövlət Dram Teatrında çox maraqlı abu-hava mövcuddur. Burada yaradıcılıq atmosferi çox güclüdür. Deyə bilərəm ki, teatrımız artıq öz keçmiş ənənələrini bərpa edir. Əvvəllər regionda teatrımızın adı çox az-az cəkilirdi. Ancaq indi şükürlər olsun ki, Mingəçevir teatrı öz intibah dövrünü yaşayır. Bunu mənim rejissorluq fəaliyyətimlə əlaqələndirmək də olar, olmaz da. Üç il müddətində artıq on bir tamaşa hazırlayıb təhvil vermişəm. Bu teatrda ilk tamaşam  türk yazarı Cahid Atayın “Pusquda” tamaşası olub.  Daha sonra Sevinc Elsevərin Xocalı soyqırımına həsr olunan “Ürəyində arzu tut” pyesinin motivləri əsasında eyni adlı tamaşasını təhvil verdim. Bu tamaşa da çox maraqla qarşılandı. 20 yanvar faciəsinə həsr olunan Ağəddin Babayevin yazdığı “Ağla qərəqnfil, ağlı” adlı ədəbi-bədii kompozisiyanı hazırladıq. Bu tamaşanı yanvarın 20-də tamaşaçılara təqdim etdik. Daha sonra Qoqolun “Müfəttiş” əsəri dövlət sifarişi ilə oldu. Pyesin tamaşası böyük rəğbətlə qarşılandı. Süleyman Sani Axundovun “Bir eşqin nəticəsi” əsəri üzərində çalışdıq. Bu tamaşa da maraqla qarşıalndı. Bu gün xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu pyesə Dövlət Dram Teatrları icərisində ilk dəfə olaraq Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi müraciət edib. Sonra klassik dramaturgiyaya müraciətimiz oldu. Mirzə Fətəli Axundzadənin  “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına müraciət etdik. Bütün bunlarla yanaşı sözsüz ki, repertuar zənginliyi və tamaşacı duyumu bizim üçün əsas şərtdir. Ötən ay Abdulla Şaiqin “Bir saat xəlifəlik” pyesinin tamaşasını hazırlayıb teatrsevərlərin ixtiyarına vermişik. Hal-hazırda yenə də Abdulla Şaiqin “Qaraca qız” pyesi üzərində yaradıcılıq işi aparıram. 

- Region teatrında əsasən gənc kadr potensialının catışmamazlığı faktı danılmazdır. Mingəçevir teatrında da sözsüz ki, bu problem qaçılmazdır. Problemin həlli üçün hansı addımlar atılır?

 - Sözsüz ki, bu gün region teatrlarında yeni kadr potensialının catışmamazlığı böyükproblemdir. Bu problem bizi çox narahat edir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrə çox ehtiyacımız var.  Ancaq tələbələr təhsil adıqdan sonra Mingəçevir teatrına üz tutmurlar. Bu çox dərin məsələdir. Əvvəllər tələbələr bölgə teatrlarına təyinat alırdılar. Biz həvəslə gedib işləyirdik. Bilirsiz, necədir? Əvvəllər bizim Mədəniyyət və İncəsənət Universiteti ildə iyirmiyə yaxın aktyor ixtisası üzrə kadr yetişdirirdi. Kadrlar da məcburi olaraq təyinatla gedirdilər respublikamızda fəaliyyət göstərən bütün teatrlara. Bu təyinatla da gənc heyyət bütün təminatlarla təmin olunurdular. Bu gün təəssüf olsun ki, məcburi təyinat məsələsi ləğv olunub. Mədəniyyət və İncəsənət Universiteti yenə də həmin kadr potensialını kifayət qədər yetişdirir. Ancaq regionlara gəlmirlər. İndi özümüz teatrın nəzdində studiyalar açmağa, kadrlar yetişdirməyə məcburuq. Mingəçevir Dövlət Dram Teatrında “İnam” Teatr Studiyası fəaliyyət göstərir. Bu teatr studiyasına istedadlı səhnə ustası, xalq artisti Ella Yaqubova rəhbərlik edir. Biz gənc, perspektivli kadrları oraya dəvət edib, içlərindən ən istedadlılarını seçib yetişdiririk. Bu istiqamətdə xalq artisti Ella Yaqubovanın xidmətləri böyükdür. Yalnız bu yolla biz Mingəçevirdə yaşayan kadrları teatrımıza cəlb edirik. Başqa cür mümkün deyil. Bizim əsasən gənc aktrisalar cəhətdən qıtlığımız var. Aktrisalarımız barmaqla sayılacaq qədərdir və bizi maraqlandıran odur ki, onlardan sonra səhnəyə kimlər gələcək. Ancaq deyim ki, bu da bizim üçün bir dəqiq yol deyil ki, bununla kifayətlənə bilək. Sözsüz ki, bütün region teatrları və o cümlədən də Mingəçevir Teatrı üçün hər zaman ali təhsilli kadr potensialına böyük ehtiyac var və lazımdır.

-Gənc kadr potensialının region teatrlarına gəlməmələrinin əsas səbəbini nədə görürsünüz?

-Çox sadə.Sadəcə olaraq gənc kadrların paytaxt teatrlarına üz tutmalarının bir səbəbi var. Burada təbii ki, daha tez tanınmaq və sözün həqiqi mənasında daha yaxşı pul qazanmaq imkanı əsas amildir. Ancaq bir sual yaranır. Bu ixtisasa yiyələnən hər kəs paytaxt teatrlarında çalışa bilirmi? Əsla yox. Hər kəs də paytaxt teatrlarının səhnəsini görə bilmir. Bəs nə edirlər? Sadəcə olaraq el şənliklərində kloun və ya müəyyən əyləncəli proqramlarda iştirak etməklə gündəlik maddi təlabatlarını ödəməklə məşğul olurlar. Bununla da əsl sənət qalır kənarda. Sadəcə bu, vəssalam.  

-Mingəçevir tamaşaçıları bu gün teatra gəlirmi?

-Əlbəttə ki, gəlirlər. Baxırlar. Hətta sonda aktyorlarımızla görüşüb fikirlərini də bölüşənlər olur. Bu gün canlı ünsiyyət vasitəsi olan teatra maraq böyükdür. Yetər ki, tamaşacını maraqlandırıb, onu düşündürən əsərlər hazırlayasan. Bizim də calışdığımız budur. Tamaşacı teatra mütləq gəlməlidir. Tamaşacısını itirən teatr heç zaman yaradıcılıq yolu kecə bilməz. Tamaşaçının teatra ehtiyacı var. Gərək yaxşı iş göstərəsən ki, tamaşaçı gəlsin. Tamaşaçı teatra gəlmir deyən teatrların özünü günahlandırıram, tamaşaçını deyil. Gərək ortalığa bir iş qoyasan ki, o tamaşa da tamaşaçıları cəlb etsin. Bu da biz rejissorların üzərinə düşür.

-Bu gün hansı səpgidə daha çox tamaşaların hazırlanmasına ehtiyac var ki, tamaşaçını teatra cəlb etmək mümkün olsun?

-Ümumiyyətlə mən bir rejissor olaraq psixoloji pyeslərə müraciət etməyi daha çox sevirəm. Daxilimdə də buna daha çox ehtiyac duyuram. Bununla yanaşı pyeslərdə daha çox obrazların sayının az olmasını istəyirəm. Səbəbdə budur ki, personajları çox olan psixoloji pyeslərə tamaşaçılar çətin baxır. Ancaq az personajlı pyeslər maraqla izlənilir. Bilirsiz, psixoloji pyeslər, insan taleyi ilə bağlı olan əsərlər hər zaman baxılır.

Sonda bir məqama xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. Teatr hər an müqəddəs sənət ocağıdır. Bəzən orada çalışan insanları sənətinin fədaisi, cəfakeşi adlandırırıq. Əslində doğrudan da bu belədir. Az əmək haqqı ilə ömürlərini teatra həsr edən insanlar sözün əsl mənasında sənətin fədailəridir. Bəzən paytaxtda fəaliyyət göstərən teatrların yaradıcı heyətini dövrü mətbuatda daha çox işıqlandırır, onların yaradıcılıqlarına daha çox üstünlük veririk. Region teatrlarında çalışan, Azərbaycan teatrı üçün canını fəda edən insanlar isə bir qədər kölgədə qalır. Təəsüf ki, bu da bir həqiqət və reallıqdır. Bu günlərdə 50 illik yubileyinə hazırlaşdığımız Mingəçevir Dövlət Dram Teatrında da bu kimi sənət fədailəri az deyil. Ömürlərini sənətə qurban edən bu insanlar əsl fədai və cəfakeşlərdir. Uğur olsun.

Anar Burcəliyev

Hadisə