Çərşənbə günü 17 Oktyabr 2018

Siyasət

Naqif Həmzyev: İki ölkə arasında əməkdaşlıq üçün imkanlar genişdir

Sənubər Qocayeva - 01/10/2018

“Tarixən Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq sahəsində inkişaf edən əlaqələr olub”. Bu fikirləri millət vəkili Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, regionun sabitliyi, habelə, yeni imkanların açılması baxımından önəmli olan Azərbaycan-Rusiya münasibətləri bu gün də uğurla inkişaf etməkdədir.

“Rusiya prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri, IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında əməkdaşlığın bugünkü inkişafının əyani sübutudur. Azərbaycan-Rusiya məmurlarının, biznesmenlərinin iştirakı ilə hər il keçirilən görüşlər artıq ənənə halını alıb. İqtisadi əlaqələrdən tutmuş, humanitar məsələlərədək prioritet istiqamətləri əhatə edən dövlət əhəmiyyətli məsələlərin müzakirə edildiyi nüfuzlu tədbir dünya siyasətçilərinin, iqtisadçılarının diqqət mərkəzində olur. Əvvəlki Forumlarda olduğu kimi, IX Azərbaycan-Rusiya Regionlararası Forumu da bir daha sübut etdi ki, bu cür tədbirlər ölkələr arasındakı əlaqələrin inkişafına, gələcək təşəbbüslərə əlverişli şərait, zəmin yaradır”.

Millət vəkili bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq üçün imkanlar olduqca genişdir: “Xüsusən, ticarət sahəsində tərəfdaş olan Rusiya və Azərbaycanın iqtisadi əlaqələri regionlararası əməkdaşlıqda vacib rol oynayır. Energetika, neft-qaz, kənd təsərrüfatı, turizm, maşınqayırma sahələrində ikitərəfli əlaqələrin intensiv inkişafı, əmtəə dövriyyəsinin artımı iki ölkə arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir. IX Azərbaycan-Rusiya Regionlararası Forumunda yaranan yeni ideyalar, birgə layihələr Azərbaycan ilə Rusiya arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsi istiqamətində yeni bir səhifə açacaq”.

Azadinform

 

 

Hadisə