Cümə günü 14 Dekabr 2018

AXC - 100 İL

Gəncədə 'Qafqaz İslam Ordusu və Gəncə' mövzusunda tədbir keçirilib

Sənubər Qocayeva - 27/09/2018

"Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetin konfrans zalında "Tarixini unutma" layihəsi çərçivəsində "Qafqaz İslam Ordusu və Gəncə" mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfrans iştirakçılarını salamlayaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb. İbrahim Cəfərov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. Bundan başqa rektor, gəncləri Azərbaycan tarixində baş verən hadisələri unutmamağa çağırıb. Sonra rektor çıxış üçün sözü Turan Araşdırma Mərkəzinin sədri, tanınmış ictimai siyasi xadim, türkçü alim, professor Əjdər İsmayılova verib.

Professor çıxışı zamanı bildirib ki, tədbirin əsas məqsədi 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələrini unutmamaqdır. Əjdər İsmayılovonu da qeyd edib ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri də xalqımızın düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırıma, represiyalara məruz qalması, doğma yurdlarından  didərgin salınması olub. Keçirilən tədbirlərin də məqsədi tariximizi bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq və yaddaşlarda təzələməkdən ibarətdir. Daha sonra Əjdər İsmayılov 1918-ci ildə Qafqaz İslam Ordusunun və komandanı olan Nuru Paşanın Gəncəyə gəlişindən, onun xalqımız qarşısında göstərdiyi xidmətlərdən danışıb.  

Türkiyənin Gəncədə Baş konsulu Zəki Öztürk Türk Qafqaz İslam Ordusu komandanı Nuru paşanın Gəncəyə gələrək özü ilə bir sevinc gətirdiyini bildirib. Zəki Öztürk: "Hətta işğal altında çəkdiyi zülm elə bir həddə çatmışdı ki, Nuru paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan məmnunluqlarını belə ifadə etmişdilər:

"Qatar gəlib yan verir,
Gəncəliyə şan verir.
Gəncənin cavanları,
“Bakı!” deyə can verir."

Konsul Nuru paşanın və Qafqaz İslam Ordusunun Gəncəyə, daha sonra isə Bakıya gəlişinin azərbaycanlılar arasında böyük həyəcana, böyük bir ümidə səbəb olduğunu qeyd edib. Dostluq, qardaşlıq münasibətlərinin üzərindən 100 illər keçsə də, davam edəcəyini bildirən konsul, bundan sonra bu münasibətlərin daha da güclənəcəyini bildirib. 

Daha sonra Mərkəzin idarə heyətinin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev və Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Memarlıq üzrə fəsəfə doktoru, dosent Rizvan Qarabağlı "Azərbaycan tarix və mədəniyyət abidələri Xalq Cümhuriyyətindən öncə və sonrakı dövrlərində" həmçinin, "Qafqaz İslam Ordusu və Gəncə" mövzülarında öz məruzələri ilə çıxış etdilər. 

Qeyd edək ki, "Tarixini unutma" layihəsinin icrası Gəncə şəhərindən sonra cari ilin oktyabr aylarında Şamaxı və Quba rayonlarında keçirilməsi də nəzərdə tutulur. Yekun tədbir isə Azərbayvan Dövlət Pedaqoji Universitetində keçiriləcək.

Photogallery

+IMG 6087 +IMG 6083 +IMG 6070 +IMG 6073

Hadisə

Təhsil