Çərşənbə günü 17 Oktyabr 2018

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrında 124-cü mövsümünün ilk tamaşası 'Hellados' olub

Gülnar Fazilqızı - 18/09/2018

Gəncə Dövlət Dram Teatrı 124-cü mövsümə gürcü yazıçısı Nodar Dumbadzenin "Hellados" psixoloji dramı ilə başlayıb. Əsərə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib.

Tamaşadan əvvəl teartsevərləri salamlayan Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, hər mövsüm olduğu kimi, bu il də maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında çıxış edəcəklərini bildirib. Tamaşa haqqında məlumat verən Ə.Qasımov, Nodar Dumbadzenin "Hellados" əsərinin əsas heyətlə Gürcüstanda oynanıldığını, lakin Gəncə tamaşaçılarına ilk dəfədir ki, təqdim olunduğunu deyib.

Yeni mövsümünün açılışı münasibətilə Gəncə Dövlət Dram Teatrının kollektivini təbrik edən Şəhər İcra İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. O bildirib ki, Gəncə Dövlət Dram Teatrının Azərbaycan mədəniyyəti tarixində öz dəsti-xətti var. Bu mədəniyyət ocağı ömürlərini sənətə bağlayan sənət korifeylərinin yetişməsində önəmli rol oynayıb. Sevindirici haldır ki, teatr bu gün də həm yerli, həm də xarici dramaturqların əsərləri ilə tamaşaçıların görüşünə gəlir.

Nodar Dumbadzenin "Hellados" əsərinə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. Rəssamı Mirzə Mehdi olan tamaşanın musiqi tərtibatı da İradə Gözəlovaya məxsusdur. Tamaşada əsas rolları xalq artisti Alim Məmmədov, aktyorlar Ruslan Hüseynov, Murad Meyfəliyev, Sevinc Hüseynova, Günay Cabbbarova və Məhəmməd Cəfərov ifa ediblər.

Tamaşada hadisələr Gürcüstanın Abxaziya bölgəsində, Suxumidə cərəyan edir. Yunan əsilli Yanqu öz davakarlığı ilə məhəllədəki yeniyetmələr arasında seçilir. Onların yaşadığı bölgəyə, xalasının yanına köçən gürcü Camal ilk gündən Yanqunun  qəzəbinə tuş gəlir. Bu iki yeniyetmə arasında yaşananlar, bir az gülməli, bir az da düşüncürü formada tamaşaçılara təqdim olunur. Sonradan cərəyan edən hadisələr və faciəvi sonluq, mənfi obraz kimi bilinən Yanqunun, əslində nə qədər böyük ürəyə sahib olduğunu göstərir.

Hadisə