Cümə axşamı 18 Oktyabr 2018

Səhiyyə

Bəxtiyar Haqverdiyev: “Gəncədən başqa ölkəyə, başqa şəhərə xəstə getməməlidir...”

GanjaNews - 12/09/2018

“Gəncə sakinlərinin müayinə və ya müalicə olunmağa başqa şəhərlərə üz tutmaları bizim üçün bağışlanmazdır. Elə şərait yaratmalıyıq ki, insanlar həkimlərimizə inansınlar”. Bu fikirləri Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev “Xalq qəzeti”nə müsahibəsində səsləndirib.

Üç aydır Gəncə Şəhər Səhiyyə İdarəsinə rəhbərlik edən Bəxtiyar Haqverdiyev bildirib ki, Gəncə səhiyyəsinin potensial imkanları böyükdür: “Prezident İlham Əliyevin birbaşa köməyi və dəstəyi ilə Gəncədə bu sahədə az iş görülməyib. Təkcə Abbas Səhhət adına 1 nömrəli  Şəhər Xəstəxanasında yaradılan şəraiti buna nümunə göstərmək olar. Bəs biz bu imkanlardan necə istifadə edirik? Həkimlərimiz öz işlərinə məsuliyyətləmi yanaşırlar?  Peşəkarlıqlarını artırmaq üçün öz üzərlərində çalışırlarmı? Səhiyyə nazirimiz Oqtay Şirəliyev göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ən müasir avadanlıqların alınıb Gəncəyə gətirilməsində hər zaman maraqlı olub və bu gün də müraciətlərimiz cavabsız qalmır. Belə olan halda biz nəyi gözləməliyik? Gəncə sakinlərinin müayinə və müalicə olunmağa başqa şəhərlərə getmələri bizim üçün bağışlanmazdır. Elə şərait yaratmalıyıq ki, insanlar həkimlərimizə inansınlar.  Bunun üçün də daha məsuliyyətli olmalı, hər cür neqativ halın kökünü kəsməliyik. Təvəzökarlıqdan uzaq olsa da deməliyəm ki, vəzifəyə təyin olunan gündən qeyd olunan bu işlərlə məşğulam”.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev ana ölümü hallarının yaşanmasına da münasibət bildirib: “Ana ölümü hallarının hələ də baş verməsi bizi ciddi düşündürməlidir. İşə başladığım günün ertəsi uçotda dayanan hamilə qadınların sayı ilə bağlı məlumat istədim. Əhalisinin sayı 400 min nəfərə yaxın olan Gəncədə cəmi 400 hamilə qadının uçotda dayandığını biləndə dəhşətə gəldim. Bir neçə gün araşdırma aparıldı və məlum oldu ki, şəhərdə olan hamilə qadınların sayı 4 min nəfəri keçir. Təbii ki bu, işin başlanğıcıdır. Həmin qadınların sağlamlığı haqqında düzgün məlumatlar əldə olunmalı, aşkar olunan xəstəliklər vaxtında və düzgün müalicə edilməlidir. Çünki xəstəni müalicə olunmadan doğuş masası üzərinə götürməyin özü bir cinayətdir”.

Gəncə Şəhər Səhiyyə İdarəsinin yeni rəhbəri ilə apardığımız söhbət zamanı məlum oldu ki, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, orada çalışan kadrların peşəkarlığının artırılması, habelə  xəstə-həkim əlaqələrinin düzgün qurulması istiqamətində kompleks tədbirlər nəzərdə tutulub. Bəxtiyar Haqverdiyevin həyati vacib məsələlərə belə münasibəti tezliklə bu sahədə uğurlu addımların atılacağına inam yaradır.

Xatırladaq ki, Bəxtiyar Haqverdiyev bu vəzifəyə Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimliyindən gəlib. O 1995-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. Tibb üzrə fəlsəfə doktorudur.

 

Hadisə