Cümə axşamı 18 Oktyabr 2018

QHT

GAAMM Şəmkir, Göygöl və Samux rayonlarında görüşlər keçirib

Gülnar Fazilqızı - 06/09/2018

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin (GAAMM) və Azərbaycana Birgə Yardım (UAFA) Təşkilatının Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin layihə üzrə əsas işçi heyəti Şəmkir, Göygöl və Samux rayonlarına səfər edib. Səfərin məqsədi həmin rayonların ictimaiyyətini layihə fəaliyyətləri və “İcma əsaslı Reabilitasiya” proqramı ilə bağlı məlumatlandırmaq olub.

Yerli İcra Hakimiyyətləri, səhiyyə, sosial müdafiə və təhsil şöbələrinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyindəki Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin, səhiyyə müəsissələrinin, yerli QHT-lərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin iştirak etdiyi görüşlər qeyd olunan rayonlarda yerləşən Heydər Əliyev mərkəzlərində keçirilib. Görüşlər zamanı iştirakçılara “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilən sosial reabilitasiya xidmətləri ilə bağlı geniş məlumatlar verilib. İştirakçıları, əsasən də xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri maraqlandıran suallar cavablandırılıb.

Görüşlər zamanı iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair təlimat”  kitabı, “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzusunda kitabça və əlilliklə bağlı məlumatlandırma vərəqələri təqdim edilib.

Şəmkir,  Göygöl və Samux rayonlarına səfərlər Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım  Təşkilatlarının (UAFA) icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

 

Photogallery

1 2 1 3

Hadisə