Cümə axşamı 18 Oktyabr 2018

QHT

Zərif, ancaq heç də zəif olmayan qadınlar

GanjaNews - 03/09/2018

Qadın – günəş, çocuq – ay... nuru ay günəşdən alır,
Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır.
(Hüseyn Cavid)

Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin "Peyğəmbər” əsərindəki səhnələrdən birində göstərilir ki, ana fəryad edərək yerə basdırılmış qızını axtarır. Bu balaca uşağı "qız istəmirəm” deyə atası basdırmışdır. Peyğəmbərin köməyi ilə qız tapılıb qəbirdən sağ-salamat çıxarılır. Bu məqamda ananın iztirablarını görən və onun acı fəryadını eşidən Peyğəmbər qadının böyüklüyü haqqında yuxarıdakı monoloqu söyləyir.

Əsərdən də göründüyü kimi qadın kişilər tərəfindən cəmiyyətdə hər zaman sıxışdırılıb. Ancaq Peyğəmbərin monoloqu ilə Hüseyn Cavid demək istəyir ki, qadın-günəşdir, ondan bir parça olan uşaq isə ay, nuru isə uşaq anasından alır, anasız uşağın nuru sönür, qadınsız ölkə isə məhv olur, zavallıya çevrilir. Həqiqətən də, qadınsız cəmiyyət kor sayılır. Çünki uşağa tərbiyə verən, gələcəkdə uşaqları cəmiyyətə qazandıran da elə qadındır - Anadır.

Ancaq qeyd etmək lazımdır ki, Hüseyn Cavidin qadın məsələsinə münasibəti, onun qadın haqqında görüşləri həmişə eyni olmamışdır və onlar zaman keçdikcə müəyyən dəyişikliklərə uğramışlar. Yaradıcılığının ilk dövrlərində qadını əsasən zəif, gücsüz, alçaldılan, təhqir olunan bir məxluq kimi göstərən Cavid, yaradıcılığının sonrakı dövrlərində, qadını öz hüquqları uğrunda mübarizəyə qadir olan bir insan kimi səciyyələndirir. Məsələn, yaradıcılığının ilk dövrünə aid olan, "Bir qızın fəryadı", "Vərəmli qız" və s. əsərlərində, şair qadını yazıq, bədbəxt, fiziki və mənəvi əzab və iztirablar altında inləyən bir məxluq kimi təsvir edir. Bu əsərlərdə qadın, qəfəsə salınmış, azadlıq həsrəti ilə çırpınan bir quşdur. Cavid bu şeirlərində qadınlara mərhəmət hissini ifadə edir, lakin onların bu çoxəsrlik zülmdən xilas olma yollarını görmür və buna heç bir ümidi yoxdur. Cavid düşünürdü ki, qadının azad olmasının, oyanmasının vaxtı hələ gəlib çatmamışdır. Şairi, "qadının xilas olması yolları nələrdir? Əgər o köləlik zəncirindən xilas olarsa, haraya gedəcək? Qadının cəmiyyətdə vəziyyəti necə olmalıdır? Onun cəmiyyətdə vəzifələri nələrdir? sualları düşündürürdü və o, bu suallara cavab axtarırdı.

Zaman keçdikcə, Cavidin bu məsələyə münasibəti müəyyənləşir və konkret şəkil alır. Məşhur "Qadın" şeirində o artıq qadının acı taleyini təsvir etməklə, ona mərhəmət hissi ifadə etməklə, onun iniltilərini eşitməklə kifayətlənmir, onun cəmiyyətdə və ailədə rolu məsələsini ön plana çəkir, diqqəti bu məsələyə yönəldir. Qadın onun nəzərində yeni nəslin tərbiyəçisi, insanlığın anasıdır. O yalnız öz övladlarının deyil, bütün millətin anasıdır: Şair yazır:

 

"Qadın! ey möhtərəm ənisi bəşər!

Sənsiz öksüz qalırdı cinsi bəşər.

 Təəssüflər olsun ki, cəmiyyətimizdə qadın problemləri hələ də qalmaqda davam edir. Əksər qadınlar böyük istedada, qabiliyyətə malik olsalar belə, cəmiyyətə qarışa bilmirlər, tanına bilmirlər. Çünki bəzilərimiz onların ancaq məişət zəminində işlər görə bilməyəcəyini düşünürük. Düşünmürük ki, yeni nəslin tərbiyəçisi olan qadınlar həm ailə-məişət işləri ilə məşğul olmağa həmçinin də özünü cəmiyyətdə də sübut etməyə qadirdir. Qadınlar zərif məxluqdur, bu kəlimə ilə razıyam, ancaq bu heç də o demək deyil ki, onlar zəifdirlər. Onlar bir çox şeyi etmək iqtidarındadılar, iradələri güclüdür və ağıllıdırlar. Sadəcə bu keyfiyyətlərini, qabiliyyətlərini aşkara çıxarmalarına imkan vermək gərəkdiyini düşünürəm. Qadınlara öz hüquqlarını tanıtmağın, onların istedadlarını üzə çıxarmağın vacib olduğuna inanıram. Çünki özünün fərqinə varmayan bir qadın, bir Ana öz övladı qarşısında özünü aciz hiss edir, övladı üçün sadəcə yemək bişirmək, paltar ütüləmək kimi işləri edəcəyinə özünü inandırır və özünü, ömrünü bu işlərə sərf edir. Övlad isə anasının bu işləri etməklə yanaşı, həmçinin onunla dərsdən danışmasını, dərslərini izah etməsini istəyir və gözləyir.

Və qadınlara öz hüququnu bilmələri, edə biləcəkləri işlərin fərqinə varmaları üçün təlimlərin, seminarların keçirilməsi hal-hazırda onlar üçün ən böyük çıxış yolu kimi görünür. Çünki təşkil olunmuş bu təlimlərdə qadınlar həm sosial həyata atılıb, özlərinə yeni tanışlar tapa və həmçinin də yeni şeylər öyrənə bilərlər ki, bu isə gələcəkdə onların köməyinə çatar. Çox heyif ki, mənim yaşadığım Gəncə şəhərində belə təlimlər heç də çox təşkil edilmir. Sırf qadınlar üçün təşkil edilmiş təlimlər şəhərimiz üçün gərəklidir. Ən azından yalnızca qadınların olduğunu bilən həyat yoldaşları, yaxud atalar, qardaşlardan icazə almaq qadınlar üçün çətin olmaz.

Nəhayət ki, illərdir  gözlədiyim təlim, sırf qadınların iştirak edə biləcəyi təlim Gəncə Asan Xidmət, Coca-cola Azərbaycan, Azərbaycan Turizm və Menecment Universitetlərinin təşəbbüskarlığı ilə Məhsəti Gəncəvi adına muzeydə baş tutdu. Təlimçilər Türkiyədən təşrif buyuran və qadınlarımıza turizm sahəsində biliklər verməyə gələn Bogaziçi Universitetinin dosentləri Soner Şahan və İşıl Keskin Şahan idilər. Təlimin şüarı “Uğurlu qadın, uğurlu gələcək” idi. Təlim Azərbaycanın üç rayonunda – Qəbələ, Gəncə və Masallı rayonlarında baş tutmuşdur. Hər rayonda təlimdə iştirak edən qadınların sayı fərqli idi. Gəncə şəhərində özümün də iştirak etdiyim bu təlimdə iştirak edən qadın sayının və maraqlarının çox olması məni təəccübləndirmədi, əksinə sevindirdi. Demək ki, Gəncə şəhərinin və digər şəhər, rayonların belə təlimlərə həqiqətən də ehtiyacı var imiş. Bu təlim qadınlara nə verdi deyə soruşsanız, onu deyə bilərəm ki, ən azından  özümüzdə olan və fərqinə varmadığımız qabiliyyətlərimizin fərqinə varmağımıza, özümüzə inam duyğusunun yaranmasına, turizm haqqında bir çox biliklər əldə etməmizə səbəb oldu. Hətta təlimdən dərhal sonra Gəncədə turizmi necə inkişaf etdirərik deyə GZİT (SWOT) analiz tərtib etdik. Təlim bitdi, ancaq biz təlimçilərimiz sayəsində qrup yaratdıq, görüşlər təşkil etdik və hətta gələcəkdə təşkilatlanaraq “Uğurlu qadınlar” adlı klub yaratmaq qərarına gəldik.

 Deməli, qadınlar üçün belə təlimlərin təşkil edilməsi qadınlara həm bilik verir, həm özgüvən yaradır, həmçinin də sosial həyata qatılmalarına kömək edir və belə təlimlər biz qadınların fikrincə, tez-tez təşkil edilməlidir.

Bir türk yazarı Rana Şahnazın “Bir Yalnızlık Tangosu”nda deyildiyi kimi:

Heç bir qız uşağı güclü olmaq üçün doğulmaz. Hər biri məsum xəyallar quran ərköyün bir şəhzadəyə bənzəyərlər. Taledir onları zəif ya da güclü edən. Tutulmamış sözlər, yaşanmamış xoşbəxtliklər, ölüm və ayrılıqlar güc verir onlara. Qurulan xəyallarla qala kimi yıxıldığında, əzilməmək üçün güclü olmaq məcburiyyətinədirlər”.

 Yəni, qadınlar güclü olmaq üçün doğulmamışlar, onlar zərif məxluq olaraq yaradılan, məsum xəyallar quran ərköyün şahzadədirlər. Onları güclü və ya pis edən taleyi, yıxılan xəyalları və yaşadıqları cəmiyyətdir. Sabahlarının necə olacaqlarını bilməyən zərif, ancaq güclü olan qadınlar həyatda öz ayaqları üstündə dayanmağı öyrənməli və savadlı olmaları gərəklidir. Ailəsində xoşbəxt olan, savadlı, öz ayaqları üstündə dayanan qadın gələcək övladları üçün də bir nümunə olacaq. Dəyərli dramaturqumuz Hüseyn Cavidin də dediyi kimi:

 

Qadın gülərsə bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

 

 

Əsədova Günel

Əsədova Turanə

“Uğurlu qadınlar” klubunun qurucu üzvləri

Photogallery

40563156 683220428711706 5721140160486178816 N 40559642 1885324805109979 3677876827386281984 N

Hadisə