Bazar ertəsi 17 Dekabr 2018

QHT

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin növbəti layihəsi uğurla başa çatıb

Gülnar Fazilqızı - 30/08/2018

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin həyata keçirdiyi “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi” layihəsi uğurla başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihə Gəncə şəhəri, Göygöl və Samux rayonlarını əhatə edib.

Sağlamlıq imkanları məhddud uşaqların və gənclərin cəmiyyətə inteqrasiyasının daha da  gücləndirilməsi məqsədi daşıyan bu layihə çərçivəsində  Gəncə şəhəri və ətraf rayonlardan olan uşaq və gənclər üçün MS Office kompyuter proqramları üzrə təlim kursları təşkil edilib, ailə vəhdətinin gücləndirilməsi məqsədilə uşaqlar və onların valideynlərinə  psixoloji dəstək göstərilib.

Xüsusi qayğıya ehtiyacı olan gənclərin əmək bazarına hazırlığının artırılması və özünəinam hissinin gücləndirilməsi, həmçinin bu gənclərin  informasiya və təhsil imkanlarının genişləndirilməsi məqsədilə xüsusi qayğıya ehtiyacı olan gənclərin iştirakı ilə “Karyera hədəfinin seçilməsi”,  “İş axtarma bacarıqları”, “CV-nin düzgün tərtibatı”,  “Müsahibə qabiliyyəti”, “Təqdimatların  hazırlanması”,  “İdeyaların mübadiləsi”,   “E-iştirakçilıq və Online təhsil”  mövzularında seminarlar təşkil edilib.

Əlilliyi olan şəxslərə içtimai münasibətlərin daha  düzgün formalaşdırılması   məqsədilə, layihə çərçivəsində media və sosial media vasitəsilə 20-dən artıq  maarifləndirmə və məlumatlandırma xarakterli materiallar  yayımlanıb.

Layihə nəticəsində daha uğurlu nəticələrə nail olunması və layihənin dayanıqlığının təmin edilməsi məqsədi ilə layihəyə əlavə dəyər gətirən fəaliyyətlər də həyata keçirilmişdir.

Bununla bağlı, 4 tələbə ilə Könüllülük müqaviləsi bağlanılıb, onlar layihə psixoloqunun köməkçisi vəzifəsində layihəyə cəlb ediliblər. Həmçinin layihədən birbaşa bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlardan və gənclərdən 3 nəfərinə  yüksək parametrli kompyuter avadanlıqları hədiyyə olunub.

Ümumiyyətlə, layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin təhsil, informasiya və məşğulluq imkanlarının artırılması, ailəyə psixoloji dəstək sahəsində həyata keçirilən fəaliyyətlər nəticəsində bu uşaqların və gənclərin intellektual və yaradıcı potensiallarının aşkara çıxarılması, özünəinam hissinin artırılması  və nəticə etibarilə  onların cəmiyyətə daha dolğun inteqrasiya olunmaları üçün imkanlar daha da genişləndirilib.

 

Hadisə