Çərşənbə günü 17 Oktyabr 2018

Elm

Çexiyada Gəncənin qədim tarixi haqqında kitab nəşr edilib

GanjaNews - 24/08/2018

Çexiyanın paytaxtı Praqa şəhərində Gəncə tarixinə dair ingilis dilində monoqrafiya – akademik kitab nəşr edilib. Monoqrafiya “Applied significance of investigation of handicrafts branches in Ganja city based on innovative technologies - Historical-ethnographic research" (“Gəncə şəhərində sənətkarlıq sahələrinin innovativ texnologiyalarla tədqiqinin tətbiqi əhəmiyyəti – Tarixi-etnoqrafik tədqiqat”) adlanır.

Kitab Gəncə şəhərinin tarixində ictimai və humanitar elmlər sahəsində Avropada əcnəbi dildə nəşr edilmiş ilk monoqrafiyadır. Qeyd etmək lazımdır ki, monoqrafiya Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.

Monoqrafiya 110 səhifədən və Ön söz, Giriş hissə, 2 fəsil, 7 başlıq, italyan və ingilis dillərində xülasələr, istifadə edilmiş mənbələr və ədəbiyyat siyahısından ibarətdir.

Kitabın müəllifi Azərbaycanda elm üzrə ilk Prezident Mükafatçısı, İsveç Kral Akademiyasının üzvü, AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər Şurasının sədri, tarix və etnoqrafiya elmləri üzrə doktor Elnur Həsənovdur. Monoqrafiyanın elmi redaktorları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, ölkəmizdə etnoqrafiya üzrə ilk elmlər doktoru qadın alim, professor Nərgiz Quliyeva və sosiologiya üzrə elmlər doktoru, Çexiya İctimai Elmlər Akademiyasının professoru İlona Doroşinadır.

Monoqrafiyanın rəyçiləri görkəmli xarici alimlər – antropologiya elmləri doktoru, Amerika Birləşmiş Ştatlarının Smitson İnstitutunun Antropologiya departamentinin rəhbəri, professor Pol Maykl Teylor (Vaşinqton) və ictimai elmlər üzrə doktor, İtaliyanın Sapienza Universitetinin və Albaniyanın Aleksandr Moisiu Universitetinin fəxri üzvü, professor Sokol Pacukaydır.

Monoqrafiyada proloq (ön söz) dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin beytləri ilə başlayır. Kitabın üz qabığında isə Britaniyanın paytaxtı London şəhərindəki “Viktoriya və Albert” muzeyində mühafizə edilən Gəncə xalçası təsvir olunub.

Monoqrafiya Çexiya İctimai Elmlər Akademiyası və “Vědecko vydavatelské centrum Sociosféra-CZ” Beynəlxalq elmi nəşriyyatının təşəbbüsü ilə təmənnasız olaraq pulsuz nəşr edilib. Kitab AMEA Gəncə Bölməsi ilə İtaliyanın Sapienza Universitetinin və İctimai Elmlər üzrə Aralıq Dənizi hövzəsi elmi-tədqiqat Mərkəzinin birgə əməkdaşlıq layihəsinin elmi nəticələrini özündə əks etdirir.

Hadisə