Çərşənbə günü 19 Dekabr 2018

İqtisadiyyat

Gəncədə “Belarus” traktorlarının istehsalı genişləndirilə bilər

Sənubər Göyüşqızı - 23/08/2018

Belaruslu ekspert Yuri Şevtsov bildirib ki, Azərbaycan regionun ən etibarlı iqtisadi tərəfdaşlarındandır.
Ekspert Azərbaycan-Belarus əməkdaşlığının uğurlu nümunəsi kimi Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında işbirliyinə toxunub.

O qeyd edib ki, bu müəssisələr arasında 2018-ci ilin sonunadək “Belarus” traktorlarının istehsalının genişləndirilməsi barədə saziş imzalaması gözlənilir:

“Gəncə Avtomobil Zavodu birgə istehsalat üzrə əməkdaşlıq sahəsində liderdir. Ticarət münasibətləri baxımından Azərbaycan Belarus üçün daha cəlbedicidir, nəinki Gömrük İttifaqında və Avrasiya İttifaqında Belarusla birgə iştirak edən Ermənistan. 8 min “Belarus” traktorunun və 3,5 mindən çox “MAZ” texnikasının Gəncə Avtomobil Zavodunda yığılması onu göstərir ki, bu sahədə səmərəli əməkdaşlıq üçün kifayət qədər yaxşı baza var. Ümumilikdə, maşınqayırma sahəsi ikitərəfli əməkdaşlığın genişlənməsi üçün prioritet istiqamətdir və fikrimcə, bu sahə perspektivdə ən aparıcı istiqamətlərdən olacaq”.

Y.Şevtsov əlavə edib ki, Belarus, həmçinin Azərbaycanla birgə texnoparkların yaradılmasında, eləcə də istehsalat məhsullarının üçüncü ölkələrə ixracının inkişaf etdirilməsində maraqlıdır:

“Yüksək texnologiyalar sahəsində fəaliyyət də maraqlı sahələrdəndir və mənə məlum olduğu qədər, əməkdaşlıq barədə ikitərəfli razılaşmalar mövcuddur. Bu imkanlar hesab etməyə əsas verir ki, ölkələrimiz elm və yüksək texnologiyalar sahəsində layihələr üzərində birgə işləyə, intellektual, elmi, texniki və istehsalat potensialını artıra bilərlər”.

 

Hadisə