Bazar günü 18 Noyabr 2018

Mədəniyyət

Gəncə Tarix-Diyarşünaslıq Muzeyi: “Tariximizi muzeydə öyrənək”

Kamilə Seyidli - 15/08/2018

Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə mütəmadi olaraq məktəblilərin ekskursiyaları təşkil edilir. Xüsusi ilə bayram, anım və tarixi önəm kəsb gedən günlərə təsadüf edən ekskursiyalar tematik xarakter daşıyır. Hər tədris ilində olduğu kimi, bu il də ekskursiyaların davam etdirilməsi və bu istiqamətdə bir sıra layihələrin icrası planlaşdırılır.

Gəncə Tarix-Diyarşünaslıq Muzeyindən "Ganjanews.az" saytına bildirildi ki, bu tədris ili üçün planlaşdırılan əsas layihələrdən biri “Tariximizi muzeydə öyrənək”dir. Tarix dərslərinin interaktiv formada muzeydə təşkilini hədəfləyən layihə 6 və 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub.

6-cı sinif şagirdlərinə Daş, Neolit, Eneolit və Tunc dövrlərini əhatə edən dərslər, tarixin bu səhifələri haqqında təsəvvür yaradan eksponatların sərgiləndiyi salonlarda, əyani vəsaitlərin nümayişi ilə təşkil olunacaq. 9-cu sinif şagirdləri üçün isə “Cavad Xan Gəncənin igid xanıdır” adı altında tematik ekskursiyaların və interaktiv dərslərin hazırlanması planlaşdırılır.

Bununla yanaşı  orta ixtisas məktəblərinin şagirdləri üçün “Nizami Gənəvi poeziyasının qüdərti”, “İntibah dövründə Azərbaycan mədəniyyəti” kimi mövzular ətrafında müzakirələrin təşkili nəzərdə tutulub.

Layihələrin icrasında əsas məqsəd yetişməkdə olan gənc nəslə Azərbaycanın tarixini tanıtmaq, keçmişə sevgi və qayğı aşılamaqdır. Azərbaycanın tarixini, mədəniyyətini, ədət-ənənələrini özündə ehtiva edən nümunələrinin öyrənilməsi və təbliği bu baxımdan xüsusi önəm daşıyır.

Məlumat üçün bildirək ki, “Nizami Gəncəvi” adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin əsası 1924-cü ildə qoyulub. İki şöbə və 500-dən çox eksponatla fəaliyyətə başlayan müzeydə hazırda 30 mindən çox eksponat saxlanılır və 18 salonda nümayiş etdirilir.

Bu ilin ilk 6 ayı ərzində Gəncə Tarix-Diyarşünaslıq Muzeyi 1 300-dən çox ziyarətçi qəbul edib. Qonaqlar arasında şəhər sakinləri, ətraf rayonlardan gələnlərlə yanaşı xarici ölkə vətəndaşları da var.