Cümə günü 16 Noyabr 2018

AXC - 100 İL

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti

GanjaNews - 27/07/2018

1905-ci il iyun ayının 30-da Yelizavetpol (Gəncə) Quberniya İdarəsində qubernator müavini Baranovskinin, prokuror Antonovun, inspektor Qolubkovun, Quberniya İdarəsi üzvləri A.Adıgözəlov, Ə.Xasməmmədovun iştirakı ilə Gəncə şəhər sakinləri vəkil Ələsgər bəy Xasməmmədov, doktor Xudadat bəy Rəfibəyov və Böyük bəy Ağasıbəyov Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin iki nüsxədən ibarət olan Nizamnaməsini qubernator A.Kalaçeva təqdim edirlər. Elə həmin gün Gəncə qubernatorunun sərəncamı ilə cəmiyyətin 42 maddədən ibarət Nizamnaməsi təsdiq olunaraq qeydiyyata alındı.

Nizamnamədə cəmiyyətin kasıb və imkansız müsəlman ailələrinə paltar, ərzaq, ev, tibbi xidmət yardımı verilməsi, lazım gəldikdə pul müavinəti ilə təminat, kasıb balalarının imperiyanın orta, ali məktəblərində (Tiflis, Odessa, Peterburq və s.) təhsillərini davam etdirilməsi üçün təhsil haqqının ödənilməsi nəzərdə tutulmuşdu. Cəmiyyətin balansında kasıblara köməklik məqsədilə buğda, un, qənd və s. anbarlar yaradılmışdı. Gəncə məhəllələrində yaşayan kasıb evlərinin və insanların siyahısı tutularaq, onlara Novruz, Ramazan və Qurban bayramlarında yardım göstərilirdi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və xeyriyyə konsertləri də təşkil edirdi. Cəmiyyət Gəncədə əhalinin kasıb təbəqələri üçün xüsusi ərzaq mağazası da açmışdı.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən, 1918-ci ildə Qərbi Azərbaycandan olan on minlərlə qaçqına yardım göstərmiş, onlara yurd yerləri ilə təmin etmişdir. Cəmiyyətin əsas maliyyə vəsaitini könüllü ianələr, üzvlük haqları təşkil edirdi. Cəmiyyət Bakının, Tiflisin və Şuşanın Müsəlman Xeyriyyə Cəmiyyətləri ilə sıx əlaqə saxlayırdı. 1914-cü ildən 1918-ci ilə kimi Cəmiyyətin İdarə heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi:

Sədr: Məşədi Əli Rəfizadə

Sədr müavini: Hacı Ələkbər Hacızadə

İdarə Heyətinin üzvləri: Kərbəlayi Həmzə Hacı Hüseyn oğlu, Hacı Hilal İbrahimov və Ağa Tağıyev

İdarə Heyətinin üzvlüyünə namizədlər: İsmayıl Tağıyev, Məşədi Rza Tağıyev, Məmməd Mirabov

Katib: Mirzə Məhəmməd Axundzadə

Xəzinədar: Hidayət Niyazov

Nəzarət-Təftiş Komissiyası: Ələsgər bəy Xasməmmədov, Abuzər bəy Rzayev və Məmmədbağır bəy Şeyxzamanov

1916-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin 80-dən çox üzvü var idi. Beləliklə, Cəmiyyətin bəzi üzvlərinin ad və soyadlarını sizlərə təqdim edirik:

Cəmiyyətin ömürlük fəxri üzvləri ayda 200 manat üzvlük haqqı ödəyirdilər:

  1. Hacı MəhəmmədHüseyn Rəfizadə
  2. Hacı Əli Hüseynzadə
  3. Hacı Ələkbər Hacızadə
  4. Hacı İmamqulu Ağazadə

Cəmiyyətin fəxri üzvləri isə ayda 20 manat üzvlük haqqı ödəyirdilər:

  1. Hacı Usub Rzayev
  2. Məşədi Əli Abbasəliyev
  3. Hacı Əli Kərbəlayi Qasım oğlu
  4. Hacı Hilal İbrahimov
  5. Mirzə bəy Qazıyev
  6. Kərbəlayi Həmzə Hacı Hüseyn oğlu
  7. Hidayət Niyazov
  8. Məşədi Əli Rəfiyev
  9. Ağa Tağıyev
  10. İsfəndiyar bəy (Şəmkirli)
  11. (Bala) Məşədi Kərbəlayi Qasım oğlu

Sadəcə üzvlər isə ayda 5 manat üzvlük haqqı ödəyirdilər:

  1. Müseyib bəy Hacı Zeynal oğlu
  2. Məşədi Səməd Kərbəlayi MəhəmmədHəsən oğlu
  3. Pişnamazzadə Məhəmməd Axund Əli oğlu
  4. Mirzə Abbas Abbaszadə
  5. Abbasqulu Ağahüseynzadə
  6. Həsən bəy Ağayev
  7. Həsən bəy Adıgözəlov
  8. Məmməd ağa Əliyev
  9. Cahangir bəy Əliyev
  10. Mirzə Cəfər Əsgərzadə
  11. Mirzə Məhəmməd Axundzadə
  12. Cavad bəy Cavanşirski
  13. İsaq Muxtar oğlu Hüseynov
  14. Müseyib Zazalıyev
  15. Həmzə bəy Zeynalov
  16. Məmmədəli Zeynalov
  17. Adil xan Ziyadxanov
  18. İsmayıl xan Ziyadxanov
  19. Adil bəy Zülqədərov
  20. Abuzər bəy Rzayev
  21. Axund Molla Musa İsmayılzadə
  22. Muxtar bəy Qazıyev
  23. Kərbəlayi Dəmir Kərbəlayi Məhəmməd oğlu
  24. Əbdülhəlim Kərimov
  25. Mehdi Qurbanov
  26. Məşədi Məmməd Məsimov
  27. Əliş bəy Məmmədov
  28. Məşədi Musa Kərbəlayi Allahyar oğlu
  29. Miryusif Mirzəcəfərov
  30. İlyas Mollazadə
  31. Mehrəli Muradov
  32. Yəhya Nəbiyev
  33. Məşədi Süleyman Nağıyev
  34. Axund Hüseyn Pişnamazzadə
  35. Mirzə Yusif Rəhimzadə
  36. Ələkbər bəy Rəfibəyli
  37. Bağır bəy Rəfibəyli
  38. Məşədi Əsgər Rəfibəyli
  39. Xudadat bəy Rəfibəyli
  40. Abbas Rəfizadə
  41. Mürsəl Rüstəmov
  42. Ağalar bəy Səfikürdski
  43. Aslan bəy Səfikürdski
  44. Məşədi Abdulla bəy Sultanov
  45. Sultan bəy Sultanov
  46. Məşədi İsmayıl Tağıyev
  47. İsmayıl Umudov
  48. Abbas bəy Usubbəyov
  49. Həsən bəy Fəttahov
  50. Ələkbər bəy Xasməmmədov
  51. Ələsgər bəy Xasməmmədov
  52. Həmid bəy Xasməmmədov
  53. Xəlil bəy Xasməmmədov
  54. Hüseynqulu xan Xoyski
  55. Mürsəl bəy Şahmalıyev
  56. Məmmədbağır bəy Şeyxzamanov
  57. Məşədi İsmayıl Rza oğlu
  58. Tahir bəy Abidli

F.Əhmədov 'Gəncənin tarix yaddaşı'

Təhsil