Cümə günü 16 Noyabr 2018

Cəmiyyət

Professor Həsənbala Sadıqov: Gəncədə təxribat törətməyə çalışanlar ekstremistlərdir

Kamilə Seyidli - 12/07/2018

AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov bildirib ki, Gəncə şəhəri öz tarixində növbəti qanlı gününü yaşadı və dövlətini sevən hüquq mühafizə orqanları bu təxribatın qarşısını qətiyyətlə aldılar.

Həsənbala Sadıqov qeyd edib ki, Gəncədə təxribat törətməyə çalışan qüvvələri idarə edənlər həm ölkə daxilində, həm də xaricində olan müəyyən ekstremist qruplardır. Bu, primitiv şəkildə təşkil olunmuş terror hadisəsi idi.

Həsənbala Sadıqov bildirib ki, Azərbaycan dövlətində qanuni hakimiyyət mövcuddur. Yəni, iqtidara gəlmək istəyənlər müxtəlif silahlarla meydana çıxıb təxribat törətməməlidir, çünki bu yolla hakimiyyəti ələ keçirmək hərəkətləri keçmişdə qalıb. Bunun üçün ölkə Konstitusiyası və Seçki Məcəlləsi mövcuddur. Yəni, ölkəyə rəhbər olmaq üçün Prezident İlham Əliyev kimi xalqın etimadını qazanaraq seçkilərdə qalib gəlmək lazımdır.

Müsahibimiz, həmçinin əlavə edib ki, 50-100 nəfərlə küçəyə çıxıb terrorla məşğul olmaq Azərbaycan dövlətinə və xalqına düşmən mövqe tutmaqdan ibarətdir. Həsənbala Sadıqov tələbələrinə də müraciət edərək bildirib ki, ölkənin təhlükəsizliyi onun sabitlik indeksidir. Bu, Azərbaycanda mövcuddur. Lakin bunu istəməyən qüvvələr var. Həmin qüvvələrin məqsədi anarxiya yaradaraq anti-Azərbaycan planını həyata keçirməkdir. Bu səbəbdən əsl Azərbaycan vətəndaşları yalnız Prezidentimizin ətrafında birləşməlidir və bu gün ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

 

 

Təhsil