Bazar ertəsi 23 İyul 2018

Cəmiyyət

Gəncə ziyalıları: Ölkədə stabil həyat tərzinin pozulmasına imkan vermək olmaz!

GanjaNews - 09/07/2018

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilər sui-qəsd terror hadisəsidir. Baş verənləri qəti şəçkildə qınayır, terrora “YOX!” deyirik. Biz, Gəncə sakinlərinin əsassız çağırışlara məhəl qomayacağına əminik. Gəncə camaatı hər zaman dövlət və dövlətçiliyin keşiyində durub. Bu çağırışlar ölkədəki sabitliyi, əminamanlığı pozmağa çalışan və Gəncə ilə heç bir bağlılığı olmayan insanların oyunudur. Azərbaycanın dövlət müstəqilliyinin təhlükəyə atılmasına, stabil həyat tərzinin pozulmasına imkan vermək olmaz.

Fuad Əliyev – AMEA Gəncə bölməsinin sədri: “Gəncədə odlu silahdan açılan bu atəş şəhər İcra Hakimiyyəti başçısının simasında Azərbaycan dövlətinə yönəlib”.

“Bu gün Respublikamızda gedən sürətli inkişaf ölkədəki sabitlik və əminamanlığa əsaslanır. Bu gün bu inkişafı əngəlləmək, sabitliyi pozmaq istəyən müəyyən qüvvələr var. Gəncədə odlu silahdan açılan bu atəş şəhər İcra Hakimiyyəti başçısının simasında Azərbaycan dövlətinə yönəlib.

Mən bunu xüsusi ilə qeyd etmək istəyirəm ki, hazırda Gəncədə sakitlik, stabillik və əminamanlıq hökm sürür. Bu gün bəzi sayt və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Biz əminik ki, bu fikirləri söyləyənlər Gəncə ilə yaxından tanış deyillər. Burada son illərdə görülən işlər barədə məlumatları yoxdur. Bununla belə məlum qüvvələrə xidmət edən bu insanlar, Gəncə və gəncəlilər haqqında həqiqəti əks etdirməyən fikirlər səsləndirilər, çağırışlar edirlər. Sözsüz ki, bütün bunlar xaos yaratmaq, fitnə-fəsad törətmək, insanları qarşı-qarşıya qoymaq deməkdir. Gəncə əhalisi bu tip hadisələri 87-88-ci illərdə yaşayıb, görüb. Həmin dövrdə də bir qrup insan çaxnaşma yaratdı və həmin o insanlar sonradan heç üzə də çıxmadılar. Əziyyət çəkən isə sadə vətəndaşlar oldu.

Bu səbəbdən də baş verən hadisələrin istiqamətini dəyişməyə çalışmaq, yaşanan olayları öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə edən insanlara uymaq lazım deyil”.

                                                                                                ***

İbrahim Cəfərov – ADAU-nun rektoru: “Bəzi qüvvələr Azərbaycandakı sabitliyi pozmağa çalışırlar, insanları mitinqlərə çağırırılar və belə bir təsəvvür yaradırlar ki, guya Gəncə şəhərində insanlar baş verənlərə sevinir.”

“Məlumdur ki, 3 iyul 2018-ci il tarixində ağır bir hadisə baş verdi. Siyasi qətl törətməkdə maralı olan biri Gəncə şəhər İcra Hakimiyyəti başçısı cənab Elmar Vəliyevə və onun yanında olan polis serjantı Qasım Şahbazova odlu silahdan atəş açdı. Azərbaycanı istəməyən, ölkədəki sabitliyi pozmaq istəyən bəzi qüvvələr baş verən hadisələrdən öz pis niyyətləri naminə yararlanmağa çalışırlar. Çox təəssüflər olsun ki, bu insanlar əli silahlı qatili, sui-qəsdçini Azərbaycanın Mübariz İbrahimov kimi igid oğulları ilə müqaisə edirlər, onu qəhrəman səviyyəsinə qaldırırlar. Bu insanlar Azərbaycandakı sabitliyi pozmağa çalışırlar, insanları mitinqlərə çağırırılar və belə bir təsəvvür yaradırlar ki, guya Gəncə şəhərində insanlar baş verənlərə sevinir. Mən bir Gəncə ziyalısı, Gəncə sakini, Gəncədə 40 ildən çox yaşayan bir insan kimi sizi əmin edirəm ki, Gəncə əhalisi siyasi terrora “YOX!” deyir, siyasi qətllərə “YOX!” deyir. Gəncə insanı daim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanındadır, Ali Baş Komandanın yanındadır. Mən hesab edirəm ki, çox qısa bir müddətdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı öz işinin başına qayıdacaq. Mən hesab edirəm ki, Gəncə insanı hadisələri düzgün qiymətləndirir və bir daha qeyd edirəm ki, öz rəhbərinin yanındadır”.

                                                                                               ***

Yusif Yusibov – GDU-nun rektoru: “Mən Azərbaycan vətəndaşı kimi, Gəncə sakini kimi bu hadisəni, o cümlədən bütün terror hadisələrini pisləyirəm!”.

“Ehtimal olunur ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı olan sui-qəsd Azərbaycana düşmən olan müəyyən qüvvələr, müəyyən mərkəzlər tərəfindən əvvəlcədən planlaşdırılmış siyasi terror aktıdır. Bu terror aktının məhz şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında törədilməsinə göstərilən cəhd Gəncədə xaos, itaətsizlik, anarxiya, insanlar içərisində xof, qorxu, vahimə yaratmağa, o cümlədən şəhərdə qarışıqlıq yaratmağa hədəflənib. Terrorçunun vətəni olmaz, terrorçunun milliyəti olmaz deyirlər. Mən Azərbaycan vətəndaşı kimi, Gəncə sakini kimi bu hadisəni, o cümlədən bütün terror hadisələrini pisləyirəm!”.

                                                                                               ***

Akif Süleymanov – ATU-nun rektoru: “Mən insanlara, xüsusi ilə də gənclərə ölkədəki sabitliyi pozmağı, xaos yaratmağı hədəfləyən çağırışlara uymamağı tövsiyyə edirəm”.

“Mən 7 ildir Gəncədə yaşayıram və burada gedən inkişaf göz qabağındadır. Gəncədə sakinlərə, xüsusi ilə də gənclərə çox böyük diqqət-qayğı var. Baş verən hadisə çox böyük təəssüf doğurur və biz hamınız bu yaşananlara “YOX!” deyirik. Bu terrordur! Gəncəni qorumaq, buradakı inkişafın davamlı olmasını təmin etmək bizim üçün ən vacib şərtdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması bizim borcumuzdur. Mən insanlara, xüsusi ilə də gənclərə ölkədəki sabitliyi pozmağı, xaos yaratmağı hədəfləyən çağırışlara uymamağı tövsiyyə edirəm. Əminəm ki, haqqı nahaqdan ayırmağı bacaraq gəncəlilər hər zaman olduğu kimi, bu dəfə də dövlətin və dövlətçiliyin yanında olacaqlar”.

                                                                                              ***

Gülsüm Fətəliyeva – GDU-nun prorektoru: “Elmar Vəliyevə tuşlanan güllə onun timsalında Azərbaycan xalqına, Gəncə camaatına tuşlanıb”.

“Azərbaycan müstəqil bir dövlətdir. İnkişaf edən bir dövlətdir və bizi istəməyən qüvvələrin mövcudluğu da açıq aydın görünür. Elmar Vəliyevə tuşlanan güllə onun timsalında Azərbaycan xalqına, Gəncə camaatına tuşlanıb. Bu dövlətə, dövlətçiliyə qarşı atılan addımdır. Elmar Vəliyev, özünün də dediyi kimi, bir dövlət qulluqçusu olaraq Gəncə və gəncəlilər üçün çox işlər görüb. O gecə-gündüz yorulmadan çalışıb. Görünən dağa bələdçi lazım deyil. Gəncənin Qala qapıları, Heydər Əliyev Park-kompleksi,Gəncə Dövlət Filarmoniyasının yeni binası, parklar, xiyabanlar, muzey və mərkəzlər – bütün bunlar son 7 ildə Gəncədə icra olunan işlərin nəticəsidir. Biz Gəncə ziyalıları olaraq, hamılıqla terrora “YOX!” deyirik! Azərbaycanda hökm sürən sabitliyi, əmin amanlığı pozmaq istəyən qüvvələri qəti şəkildə qınayır və bu istiqamətdə səslənən çağırışları pisləyirik!”.

                                                                                              ***

Roza Qafarova – həkim: “Biz Gəncəlilər öz dövlət başçımız ətrafında sıx birləşmişik və dövlətçiliyimizə qarşı yönələn çağırışlara uymarıq”.

“Baş verən bu son hadisələr biz həkim kimi, bir Gəncə sakini, bir Azərbaycan vətəndaşı kimi məni çox məyus edir. Günü-günüdən gözəlləşən Azərbaycanın, Gəncənin bu inkişafı görünür kimlərinsə ürəyincə deyil. Hansısa qüvvələr bu inkişafı həzm edə bilmirlər. Lakin onlar bilməlidirlər ki, Gəncə əhalisi provokasiyalara uymaz. Biz Gəncəlilər öz dövlət başçımız ətrafında sıx birləşmişik və dövlətçiliyimizə qarşı yönələn çağırışlara uymarıq”.

 

 

Photogallery

1512023722 Es  названия JvwJGWa7Ty Yap Gence 111213 03 250x300

Hadisə